Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
Mərkəzdən APA -ya verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46 binada aparılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq.
İmtahanda 24028 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 19878 abituriyent I qrup üzrə, 4150 abituriyent IV qrup üzrə imtahan verəcək. 125 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2004-cü ildəndir.