İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlaxda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.
Agentlikdən ONA-ya verilən məlumata görə, mayın 23-ü səhər radələrində Yevlax rayonunun Xaldan qəsəbəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər qəzaya düşüb. Onlardan 2-si hadisə yerində keçinib, müxtəlif xəsarətlər almış 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda Yevlax Rayon Mərkəzi Xəstəxanasında 21 nəfərə tibb müəssisəsinin müvafiq bölmələrində yardım göstərilir. Onlardan 2-si reanimasiyadadır, 1-nin vəziyyəti ağır, digərininki isə orta-ağır qiymətləndirilir. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların çoxu tələbədir.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən 2 nəfərin sağlamlıq durumu normaldır.