• SOSİAL

    12:11 30 avqust 2020

II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları ilə bağlı elektron ərizə qəbuluna başlanılıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-14-də II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.

DİM-dən APA-ya verilən məlumata görə, qeyd olunan tarixlərdə keçirilən imtahanlarda iştirak edənlər və Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 30 avqust-1 sentyabr tarixlərində apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Abituriyentlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada “Ev telefonu”, “Mobil telefon”, “E-mail” bölmələrində müvafiq məlumatlar qeyd edilir. “Apelyasiyanın nəticələrinin izahını necə əldə etmək istəyirəm” hissəsində təklif olunan variantlardan biri seçilir. Şagirdin imtahanla bağlı hər hansı xüsusi bir qeydi varsa, “ümumi qeyd” hissəsinə yaza bilər.

Daha sonra tapşırığın nömrəsini və müraciətin məzmununu (yazılı cavabın səhvən başqa tapşırıq üçün ayrılmış yerə yazılması, yazı işinin yenidən qiymətləndirilməsi, cavabın səhv kodlaşdırılması, sual kitabçasına baxılması, tapşırığın şərtinin izah edilməsi) seçməklə istəyinizi aydın şəkildə müvafiq sahələrə daxil edib qarşısındakı “Yadda saxla” şəkil–düyməsinə basmaq lazımdır. Digər tapşırıqlara verdiyiniz cavabların da qiymətləndirilməsi ilə bağlı iradlarınız varsa, əməliyyatı təkrar edin. Müraciətlərinizi tam formalaşdırandan sonra (müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur) fotoşəklinizin altındakı “Qeydiyyata al” düyməsinə basmaq lazımdır. Verilən məlumatı diqqətlə oxuduqdan sonra “Təsdiq et” düyməsini basmaqla müraciətinizi yekunlaşdırmış olursunuz. Müraciətinizlə bağlı araşdırma başa çatdıqdan sonra ərizədə qeyd etdiyiniz elektron poçt ünvanına və ya telefon nömrəsinə sizinlə bağlantının vaxtı barədə məlumat göndəriləcək.

Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər mərkəzin saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Apelyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyentlə yanaşı valideynlərindən biri də müzakirədə iştirak edə bilər. Bir nəfərin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Müraciətlərə 31 avqust 2020-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) qaydada baxılmağa başlanılacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR