İlk dəfə prokurorluğa qulluğa qəbul edilən şəxslər üçün 6 aylıq stajorluq müddəti müəyyən edilib.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Baş Prokuror hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş təcrübəsi olan işçini stajorluq müddətindən azad edə bilər. Stajorluq müddəti bitdikdən sonra stajorun qulluq etdiyi prokurorluq orqanının rəhbəri müsbət rəy verərsə, stajor 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin ediləcək. Rəyi mənfi olarsa, stajor attestasiyadan keçiriləcək. Attestasiyanın nəticəsindən asılı olaraq stajorun 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunacaq.
Qüvvədə olan qanun əsasən, ilk dəfə prokurorluğa qəbul edilən şəxslər üçün bir illik stajorluq müddəti müəyyən edilirdi. Stajorluq müddəti bitdikdən sonra işçi attestasiyadan keçirilirdi. Attestasiyanın nəticəsindən asılı olaraq onun altı aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunurdu.
Eyni zamanda prokurorluq işçilərinə ali xüsusi və ali hərbi rütbələrin verilməsi qaydasına da dəyişiklik edilir.Prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra veriləcək.