İmişli rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, səyyar qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbulda vətəndaşların şikayət və təklifləri dinlənilib.
Qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bildirib ki, kənd əhalisi ilə səyyar qəbulun keçirilməsində məqsəd təsdiq edilmiş qrafikə uyğun olaraq ölkə prezidentinin tapşırığına əsasən əhali ilə yerlərdə görüşüb, onların problemləri ilə maraqlanmaqdan ibarətdir. V.Hacıyev sakinlərə torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı məsləhət və tövsiyələrini verib. Əhalini narahat edən problemlərin həlli istiqamətində rayonda həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışan icra başçısı əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlərin budan sonra da davam etdiriləcəyini vurğulayıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlər tərəfindən qaldırılan məsələlər barədə müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını ifadə ediblər.