• SOSİAL

    12:55 5 iyul 2022

İrəvanın Təpəbaşı məhəlləsinə dair araşdırmanın təqdimatı keçirilib - VİDEO

Bu gün “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın təqdimatı keçirilib.

APA xəbər verir ki, araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub.

Nəzərə çatdırılıb ki, Təpəbaşı qədim İrəvan şəhərinin tarixi məhəllələrindən biri olub, hazırkı İrəvan şəhərinin də tarixi nüvəsini təşkil edir. Ermənilər tərəfindən aparılan, 100 ildən çox davam edən və sistemli xarakter daşıyan söküntü proseslərinə baxmayaraq, onun son qalıqları günümüzə qədər gəlib çıxıb. Tarixi abidələrlə zəngin, görkəmli azərbaycanlıların yaşadığı bu məhəllənin müasir zamanda müqəddəratı ilə bağlı ciddi narahatlıq var.

O da bildirilib ki, Strateji Kommunikasiya Mərkəzi tərəfindən “Bir zamanlar İrəvanda” layihəsi də həyata keçirilir. Layihənin məqsədi tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığı, etnoqrafiyası, əhalisi, iqtisadiyyatı, coğrafiyası, habelə bölgənin antik dövrdən yeni dövrə qədər keçdiyi tarixi inkişaf yolu barədə həqiqətləri ölkə və dünya ictimaiyyətinə çatdırmaqdır.

Tədbirdə İrəvanda Azərbaycanın milli-mədəni irsi barədə film nümayiş etdirilib. Filmin ideya müəllifi Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, ssenari müəllifi Səbuhi Hüseynovdur.

Araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov materialların hazırlanmasında Azərbaycan Respublikasının Milli Arxivində, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində, Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının Nadir Əlyazmalar Kolleksiyasında, Türkiyə Respublikasındakı Osmanlı Arxivində, Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılan sənədlərdən istifadə olunduğunu və üçüncü dövlətlərin arxivlərində saxlanılan Ermənistan Arxivindən götürülmüş mikrofilmlərin tədqiqata cəlb edildiyini bildirib.

O, həmçinin mövzunun araşdırılmasında ilk dəfə Coğrafi İnformasiya Sistemi mühitində günümüzə qədər məlum olan hərbi topoqrafik xəritələr və şəhər planlarının inteqrasiya edilməsi sayəsində tarixi şəhər landşaftının müəyyən edildiyini, məkana bağlı müxtəlif təhlillərin aparıldığını, vaxtilə İrəvanın Təpəbaşı hissəsində mövcud olmuş memarlıq abidələrinin dəqiq koordinatları müəyyən edilməklə onların məhv edilmə dövrlərinin dəqiqləşdirildiyini bildirib. Hazırda İrəvan şəhərinin Təpəbaşı hissəsindən yalnız Təpəbaşı məhəlləsinin ərazisi müəyyən edilərək, mövcud abidələrin bazası yaradılıb. Məlum olub ki, burada 300-dən çox yaşayış evi mövcuddur.

Səbuhi Hüseynov 1915-ci ildə gəlmiş ermənilərin İrəvanda qəbiristanlığın ərazisində Norbutaniya yaşayış massivi saldığının da üzə çıxdığını açıqlayıb: “Göy məscid bu gün İrəvanda salamat qalan yeganə məsciddir. Bu məscid də Təpəbaşının ərazisində olub. Göy məscid Hüseynəli xan tərəfindən inşa edilib. Son araşdırmalarda Hüseynəli xanın məhz Göy məsciddə dəfn olunduğu barədə məlumatlara da rast gəlinir. Göy məscidin həyətindəki 1790-cı ilə aid daş kitabə xanın ailəsindən olan qadınlardan birinə aiddir. Göy məscidlə bağlı bütün sənədlər Azərbaycan arxivindədir. İran tərəfindən Göy məscidin İran məscidi adlandırılması qəbuledilməzdir. Təkcə Şeyxülislamlıq arxivində də bununla bağlı kifayət qədər sənəd var. Artıq Göy məscid dünyada Azərbaycan məscidi kimi tanınmalıdır. 1917-ci ildə İrəvanda cəmi 100 fars yaşayıb. 1831-1920-ci ilə qədər İrəvanda yaşayanların əksəriyyəti məhz azərbaycanlılar olub. Bu gün də dünyada tanınmış tədqiqatçılar Göy məscidin İran məscidi adlandırılmasına gülürlər. 100 nəfərə məscid tikilməzdi, artıq Göy məscidin İran məscidi adlandırılmasına son qoyulmalıdır”.

Tarixçi Təpəbaşının məhv edilməsinin qarşısının alınmasına dünya ictimaiyyətinin göz yummasını yolverilməz sayıb: “İrəvanda həmin əraziyə çoxsaylı turistlər gəlir, bu məhəllənin məhv edilməsini görürlər və göz yumurlar. Artıq həyəcan təbili çalmaq lazımdır. Təpəbaşında hündürmərtəbəli binaların tikilməsi layihələri var. Təpəbaşının Azərbaycan xalqının maddi-mədəni irsi olduğu qəbul edilməli, Təpəbaşının qorunması və dağıdılan abidələrin bərpası da Ermənistanın üzərinə qoyulmalıdır. UNESCO dünyada bu sahədə söz sahibidir. Təpəbaşı İrəvanın nüvəsidir, belə getsə, sabah olmayacaq. UNESCO-nun sabah bu barədə kitablar dərc etməsinin mənası yoxdur. UNESCO Ermənistana getməli, Təpəbaşının qorunması ilə bağlı reallıqları görməlidir. Bu, dünya mədəni irsinin bir hissəsidir”.

Araşdırma nəticəsində əldə edilmiş materiallardan ibarət kitab ərsəyə gəlib. Kitab Azərbaycanın milli-mədəni və tarixi irsinin qorunması və beynəlxalq səviyyədə təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə mühüm töhfə verəcək.

Kitabda Təpəbaşı məhəlləsinin və orada dağılmaq üzrə olan son abidələrin Azərbaycan xalqına məxsusluğunu sübut edən arxiv sənədləri də dərc edilib.

Qərbi Azərbaycan İcmasının sədri, "Qərbi Azərbaycan yaddaşı" layihəsinin müəllifi Əziz Ələkbərli çıxışında İrəvan şəhərinin başqa yaşayış massivləri kimi, Təpəbaşı məhəlləsində də azərbaycanlıların həmişə üstünlük təşkil etdiyini, lakin zaman-zaman onların Ermənistandan deportasiya olunduğunu, onlara məxsus tikililərin, habelə İrəvan şəhərindəki müsəlman abidələrinin erməni vandalizminin qurbanına çevrildiyini bir daha vurğulayıb.

Təpəbaşının sabiq sakini, "Elmi Araşdırmalar" İctimai Birliyinin sədri Telman Qasımov çıxışında məhəllənin özünəməxsus obrazının keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər tərəfindən yaradıldığını bildirib. O həmçinin Təpəbaşı məhəlləsinin yaşadığı dövrə aid milli koloriti barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirdə çıxış edən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli İrəvan şəhərinə və onun mədəni irsinə beynəlxalq konvensiyalar çərçivəsində yanaşılmalı olduğunu, UNESCO da daxil olmaqla, beynəlxalq təşkilatların faktaraşdırıcı missiyalarının bu irsin hazırkı vəziyyəti ilə bağlı monitorinqinin aparılması, nəticələrin sənədləşdirilməsi və qorunmasının təşviq edilməsi, sülh naminə Qafqazın, xüsusilə onun son iki min ilinin tarixi həqiqətlərinin anlaşılması üçün akademik fəaliyyətlərə dəstəyin göstərilməsinin vacibliyini qeyd edib.

Qeyd olunmalıdır ki, bütövlükdə İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

Tədbir çərçivəsində Təpəbaşı məhəlləsindəki dağıdılmış və sökülməkdə olan abidələrin fotosərgisi təşkil edilib.

Tədbirdə dövlət rəsmiləri, diplomatik korpusun, elm və təhsil müəssisələrinin, ictimai təşkilatların nümayəndələri, eləcə də Təpəbaşı məhəlləsində yaşamış ailələrin üzvləri iştirak ediblər.

İrəvanın Təpəbaşı məhəlləsinə dair araşdırmanın təqdimatı keçirilibİrəvanın Təpəbaşı məhəlləsinə dair araşdırmanın təqdimatı keçirilibİrəvanın Təpəbaşı məhəlləsinə dair araşdırmanın təqdimatı keçirilibİrəvanın Təpəbaşı məhəlləsinə dair araşdırmanın təqdimatı keçirilibİrəvanın Təpəbaşı məhəlləsinə dair araşdırmanın təqdimatı keçirilibİrəvanın Təpəbaşı məhəlləsinə dair araşdırmanın təqdimatı keçirilibİrəvanın Təpəbaşı məhəlləsinə dair araşdırmanın təqdimatı keçirilibİrəvanın Təpəbaşı məhəlləsinə dair araşdırmanın təqdimatı keçirilibİrəvanın Təpəbaşı məhəlləsinə dair araşdırmanın təqdimatı keçirilibİrəvanın Təpəbaşı məhəlləsinə dair araşdırmanın təqdimatı keçirilibİrəvanın Təpəbaşı məhəlləsinə dair araşdırmanın təqdimatı keçirilib

ONA

Teqlər:

SON XƏBƏRLƏR