Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax, Zərdab rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 39700 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.
DİM-dən ONA-ya verilən məlumata görə, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Martın 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaq. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.
Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.
İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.
***
saat 07.00
Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.
ONA-nın xəbərinə görə, bu gün ümumilikdə 39700 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahan saat 11:00-da başlanır.
IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 91 imtahan mərkəzi ayrılıb.
İmtahanda 39700 (Gəncədə 3133, Daşkəsəndə 278, Göygöldə 858, Samuxda 718, Sumqayıtda 4542, Abşeronda 4161, Şamaxıda 990, Naftalanda 103, Goranboyda 1354, Yevlaxda 1350, Şəkidə 2013, Qəbələdə 1273, Oğuzda 500, Bərdədə 2234, Ağdamda 982, Tərtərdə 832, Kürdəmirdə 1227, Zərdabda 581, Ağsuda 735, İmişlidə 1178, Sabirabadda 1805, Biləsuvarda 1390, Saatlıda 1007, Lənkəranda 2392, Astarada 1222, Xaçmazda 2157, Şabranda 685 ) şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 283 imtahan rəhbəri, 3367 nəzarətçi‑müəllim, 264 buraxılışı təşkil edən əməkdaş, 91 bina nümayəndəsi ayrılıb.