• SOSİAL

    15:02 3 mart 2019

IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi başa çatıb - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 37434 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

DİM-dən ONAya verilən məlumata görə, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Martın 4-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı DİM mütəxəssisləri tərəfindən hazırlanıb.

Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.

Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

***

saat 07.03

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

Mərkəzdən ONA-ya verilən məlumata görə, bu gün ümumilikdə 37 434 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Şagirdlər imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 84 imtahan mərkəzi ayrılıb.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirməkməqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanda 37434 (Bakı şəhəri Yasamal rayonunda 2837, Binəqədi rayonunda 4254, Səbail rayonunda 1544, Xətai rayonunda 3474, Xəzər rayonunda 2836, Nərimanov rayonunda 3131, Suraxanı rayonunda 2713, Sabunçu rayonunda 4820, Nəsimi rayonunda 2374, Qaradağ rayonunda 2170, Nizami rayonunda 2454, Pirallahı rayonunda 386, Naxçıvan Muxtar Respublikasında 3439, Şirvan şəhərində 1002) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 254 imtahan rəhbəri, 2980 nəzarətçimüəllim, 221 buraxılışı təşkil edən əməkdaş, 84 bina nümayəndəsi ayrılıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR