• SOSİAL

    14:36 20 iyun 2019

İyunun 23-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 23-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

ONA DİM-ə istinadən xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46 binada aparılacaq. İmtahanların idarə olunmasına 173 imtahan rəhbəri və 1950 nəzarətçi-müəllim cəlb olunacaq.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyunun 14-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə I qrupda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV qrupda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

Məlumat üçün bildirək ki, imtahanda 24028 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 19878 abituriyent I qrup üzrə, 4150 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 21940 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 18238, IV qrup üzrə 3702 nəfər), 2088 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1640, IV qrup üzrə 448 nəfər) məzunudur. Abituriyentlərin 13788 nəfəri oğlanlar (I qrup üzrə 12786 nəfər, IV qrup üzrə 1002 nəfər), 10240 nəfəri isə qızlardır (I qrup üzrə 7092 nəfər, IV qrup üzrə 3148 nəfər). 21720 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2049 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 31 nəfər ali təhsil müəssisələrinin, 228 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 125 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2004-cü ildəndir.

İmtahanın gedişini işıqlandırmaq üçün 45-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR