Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən ONA-ya verilən məlumata görə, həmin bakalavrlar aprelin 16-dan 25‑dək DİM-in internet saytında qeydiyyatdan keçməli və 2019-cu il mayın 1-dən 3‑dək qabiliyyət imtahanı verməlidirlər.
Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.
Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar “Sorğu anketi”ni doldurub qeydiyyatdan keçmək üçün Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin "Hesab"ından çıxılır.
Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar 2019-cu il aprelin 28-dən 30-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2019-cu il mayın 1-dən 3-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.