Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən ONA-ya verilən məlumata görə, bu imtahanın nəticələrinə görə, 15 nəfər bakalavr “məqbul” qiymət alıb və jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ əldə edib.
Məlum olduğu kimi, artıq bir neçə ildir ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlara bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar 2019-cu il mayın 1-də və 2-də DİM tərəfindən təşkil olunan Qabiliyyət imtahanı komissiyasının üzvləri qarşısında qabiliyyət imtahanı veriblər. Komissiyanın tərkibinə jurnalistika üzrə kadrlar hazırlayan ali təhsil müəssisələrinin və Azərbaycan Mətbuat Şurasının nümayəndələri daxil edilib.
Qabiliyyət imtahanı verənlər içərisində bakalavriat səviyyəsində jurnalistika üzrə təhsil alanlarla yanaşı, kitabxanaçılıq və informasiya, xarici dil müəllimliyi, politologiya ixtisasları üzrə təhsil almış şəxslər də olub.
"Məqbul" qiyməti alan bakalavrlar mayın 7-dək keçiriləcək proqram seçimi zamanı 44 saylı proqramı seçib təsdiq etməli və ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının mayın 26-da keçiriləcək ikinci mərhələsində jurnalistika üzrə inşa (esse) yazmalıdırlar. İmtahan haqqında ətraflı məlumat və yazı işinə dair tələblər “Magistr” jurnalının 2019-cu il tarixli 3-cü sayında dərc olunub.