Azərbaycan Mətbuat Şurasının “COVID-19” xəstəliyi əleyhinə vaksinasiyanın aparılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanladığı müraciət aidiyyatı üzrə Azərbaycan Respublikasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində baxılıb.
Mətbuat Şurasından APA-ya verilən məlumata görə, bununla bağlı agentlikdən Şuraya daxil olan məktubda bildirilir ki, jurnalistlərin vaksinasiya olunması ilə əlaqədar müvafiq tapşırıq verilib. Məktubda həmçinin vaksinasiya olunacaq jurnalistlərin siyahısının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) təqdim edilməsinin vacibliyi vurğulanıb.
Mətbuat Şurası bununla əlaqədar olaraq KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:
1. Adı, soyadı, atasının adı;
2. Doğum tarixi;
3. Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);
4. Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).
Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected] və [email protected] elektron poçt ünvanlarına da (PDF faylda skan olunmuş formada) göndərilə bilər.
Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası KİV redaksiyaları tərəfindən daxil olmuş siyahıları ümumiləşdirib TƏBİB-ə təqdim edəcəkdir. Bundan sonrakı prosedur da tərəfimizdən diqqətdə saxlanılacaq.
Mətbuat Şurası KİV rəhbərlərinə müraciət edərək onları əməkdaşlarının vaksinasiya olunması prosesinə həssas yanaşmağa, bununla bağlı nəzərdə tutulan proseduru mümkün qədər tez bir zamanda icra etməyə çağırır.