• SOSİAL

    14:16 3 iyun 2019

Kamran Musayev: “Ölkəmizdə icra oluna bilməyəcək ürək və damar əməliyyatı yoxdur”-MÜSAHİBƏ

Bütün dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin, bununla bağlı həyatını itirənlərin sayı getdikcə artmaqdadır. Bunun bir çox səbəblərinin olduğu deyilir. Bəs həmin səbəbləri aradan qaldırmaq mümkündürmü? Risklərdən necə qorunmaq olar?

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinikanın baş həkimi, tibb elmləri doktoru, professor Kamran Musayevin e-tibb.az-a müsahibəsi həm bu, həm də iyunun 7-9-da keçiriləcək “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresi və Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin 15-ci Konfransı ilə bağlıdır.

ONA müsahibəni təqdim edir:

- Kamran həkim, adətən deyirlər ki, son illərdə ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. Sizcə, belədirmi?

- Bir qədər bu fikirlə razıyam. Bəli, həqiqətən bizim ölkəmizdə ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin sayı getdikcə artmaqdadır. Digər tərəfdən, ürək-damar xəstəlikləri insanlarda daha cavan yaşda rast gəlinməkdədir. Lakin, hər şeydən əvvəl onu qeyd edim ki, bu tendensiya bütün dünyada müşahidə olunmaqdadır. Çox təəssüf ki, istər ümumi təbabətdə, istər sosial həyatda bu qədər inkişafa baxmayaraq, xüsusilə, dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində ürək-damar xəstəlikləri hələ də insan ölümünə səbəb olan xəstəliklər arasında birinciliyi qoruyur. Bu xəstəlikdən əziyyət çəkən insanların sayı dediyim kimi, artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, ötən illərdə ürək-damar xəstəliklərindən həyatını itirən təqribən 17,5 milyon insan var idisə, artıq bu say da ilbəil artır və buna paralel statistikanı Azərbaycanda da müşahidə edirik. Təbii ki, ürək-damar xəstəliklərinə cavan yaşlı insanlarda rast gəlinməsinin bir çox səbəbi var.

- Xəstəliklərin cavanlaşmasını da, sayının artmasını da əksər hallarda qidalanma, yanlış həyat tərzi, oturaq rejimlə əlaqələndirirlər. Bəzən çox sağlam həyat tərzi keçirən insanlar da qəfil ürək tutmasından vəfat edir...

- Əvvəla onu qeyd edim ki, ürək-damar xəstəliklərinin bir səbəbi yoxdur. Bu xəstəliklər multifaktorial dediyimiz, yəni çoxlu sayda faktorların, təsirlərin nəticəsində ortaya çıxır. Demək olar ki, heç bir halda bu xəstəlik sadəcə, bir səbəbdən yaranmır. Ona görə də, bəzən dediyiniz halla çox nadirən də olsa, biz qarşılaşırıq. Heç bir risk faktoru olmadan və ya risk faktorunu bilmədən də insanlar anidən ürək-damar xəstəliklərindən həyatını itirirlər. Təəssüf ki, ürək-damar xəstəliklərində risk faktoru olan xəstələr böyük çoxluq təşkil edir. Buna görə də, biz deyirik ki, sağlam həyat tərzi yaşamaqla ürək-damar xəstəliklərinin qarşısını almaq olar. İstər Dünya Ürək Federasiyasının, istər Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin keçirdiyi sosial aksiyalarda, tədbirlərdə tibbi maarifləndirmə baxımından onu vurğulayırıq ki, ürək-damar xəstəlikləri qarşısı alına bilən xəstəliklərdir. Bunun qarşısı sağlam həyat tərzi yaşamaqla alına bilər. Təbii ki, xüsusilə bütün insanlar sağlam həyat tərzi yaşamaqla, bu riskin 100 faiz qarşısını ala bilərlər iddiasında deyilik. Amma irsi bir problemi olmayan insanlarda sağlam həyat tərzi keçirməklə bu xəstəliklərin qarşısını almaq, fəsadlarını gecikdirmək mümkündür.

- Zərərli vərdişlərin, əsasən də tütün məmulatlarının ürək-damar xəstəliklərinin inkişafında təsiri nə qədərdir?

- Əgər sağlam həyat tərzi yaşamaqla bu xəstəliyin qarşısını ala biliriksə, zərərli vərdişlərə düçar olmaq ürək-damar xəstəliklərinə tutulma ehtimalı artırır. Bu, xəstəliklərdən əmələ gələcək fəsadları, ölüm də bura daxil olmaq şərti ilə, artırır. Bu zərərli vərdişlərin başında da tütün və tütün məmulatlarından istifadə gəlir. Çox təəssüflə qeyd etməliyəm ki, bizim cəmiyyətimizdə tütündən istifadə getdikcə artır. Daha gənc yaşlı vətəndaşlarımız, qadınlarımız tütündən istifadə edir. Tütündən istifadə və ya oturaq həyat tərzi keçirmək çox ciddi zərərli vərdişdir. Bunlar hamısı ürək-damar xəstəliklərinə yaxalanmaq riskini artırır və onların fəsadlarının əmələgəlmə tezliyini artırır.

- Müstəqil şəkildə etdiyiniz ilk əməliyyatı xatırlayırsınız yəqin...

- Mən 1996-cı ildən 2001-ci ilə kimi İstanbul Tibbi Universitetində rezidentura təhsili almışam. İlk müstəqil əməliyyatımı da İstanbulda icra etmişəm. Azərbaycanda isə ilk müstəqil əməliyyatımı 2002-ci ildə icra etmişəm. O gündən bu günə keçən 17 il ərzində Mərkəzi Klinikada 14 mindən çox ürək və damar əməliyyatı icra etmişik.

- Daha çox hansı əməliyyat yaddaşınızda iz buraxıb?

- Bu əməliyyatların içərisində 2 kiloqramlıq yeni doğulmuş körpə də, 90 yaşlı xəstə, 150 kiloqram çəkisində olan insan da var. Ən sadə qapalı ürək əməliyyatından və ya ən sadə damar əməliyyatından tutmuş, ən mürəkkəb, kompleks ürək əməliyyatlarına qədər, ən mürəkkəb ürək qüsurlarının düzəldilməsi və ya süni ürək köçürülməsi əməliyyatlarına qədər geniş spektrdə əməliyyatlar icra olunur. Bizim üçün professional cəhətdən çox maraqlı olan, nadir görünən bəzi qüsurlar üzərində apardığımız əməliyyatlar var. Amma mən sizə tam səmimiyyətimlə deyirəm ki, bütün əməliyyat etdiyim xəstələrin özləri də, əməliyyatlar da mənim üçün dəyərlidir. Mən hər dəfə əməliyyata girəndə sanki ilk dəfə əməliyyata daxil oluram ovqatında oluram.

- Bəzən eşidirik ki, mürəkkəb ürək əməliyyatı səhər saat 6-da, 7-də başlanır. Niyə belə tez? Təcili əməliyyatlar olur, yoxsa vaxtla bağlı ayrı nəsə özəlliklər var?

- Bunun heç bir özəlliyi yoxdur. Artıq bugünkü ürək cərrahiyyəsinin gəldiyi səviyyə elədir ki, bu gün ürək əməliyyatları standart əməliyyatlardan hesab olunur. Adi bir klinikada böyrək əməliyyatları hansı saatda icra olunursa, ürək əməliyyatları da o saatda icra olunur. Ürək əməliyyatlarının icrası üçün xüsusi bir vaxt tələb olunmur. Açığı, mən Azərbaycana ilk gəldiyim zamanlar “Siz ürək əməliyyatlarını gecə saatlarında edirsiniz?”, “Siz ürəyi çıxardıb kənara qoyursunuz?” kimi suallarla daha çox qarşılaşırdım. Çox sevinirəm ki, bu gün dediyim kimi, aradan 17 il ötdükdən sonra, artıq ürək əməliyyatları ölkəmizdə standart əməliyyatlardan qəbul olunur və çox saylı mərkəzlərdə uğurla icra olunur.

- Bir gündə neçə ürək əməliyyatı icra etmək mümkündür?

- Bir gündə təcili olaraq 4-5 əməliyyat etdiyimiz günlər də olub. Amma mən düşünürəm ki, bir cərrahın bir gündə edə biləcəyi əməliyyat sayı maksimum 2-dir. Çünki bir kardiocərrahın normal enerji ilə və effektiv olaraq o əməliyyatı icra etməsi üçün bir gündə 2 əməliyyat standartı olmalıdır.

- Hansı daha çətindir: bir körpəni, yoxsa yaşlı bir insanı əməliyyat etmək...

- Əlbəttə ki, bir körpəni əməliyyat etmək daha çətindir. Bu texniki cəhətdən də ağır olur. Çünki körpələrdə, xüsusən də yeni doğulmuşların əməliyyatlarının həm cərrahiyyəsi, həm anesteziyası, həm reanimasiyası böyüklərdən tamamilə fərqlidir. Mən deyərdim ki, daha çətindir, daha mürəkkəbdir. Açığı məsuliyyəti də çox böyükdür. Çünki o uşağı gözləyən valideynlərə cavab vermək məsələsi insanın məsuliyyətini daha da artırır.

- Bu gün Azərbaycanda hansı ürək əməliyyatını aparmaq mümkün deyil?

- Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri olaraq tam məsuliyyətimlə deyirəm ki, ölkəmizdə icra oluna bilməyəcək ürək və damar əməliyyatı yoxdur. Bu gün Azərbaycanda dünyada icra edilən bütün ürək və damar əməliyyatları azərbaycanlı mütəxəssislər tərəfindən icra olunur. Bəzi əməliyyatlar, o cümlədən ürək tranpslantasiyası əməliyyatı ölkəmizdə bu günə kimi icra olunmayıb. Bunun da səbəbi bizim qanunvericiliyin meyitdən orqan köçürülməsinə icazə verməməsidir.

- Yaşla bağlı əməliyyat riskləri varmı?

- Məncə, insan yaşı insan həyatının ən böyük reallığıdır. Bunu sadəcə, xəstəlik və ya təbabət mənasında demirəm. Kardiocərrahiyyə üçün də yaş faktoru vacib faktordur. Bu, əməliyyat riskini müəyyən edən çox vacib faktorlardan biridir. Yaş faktoru nə qədər aşağıdırsa və nə qədər yuxarıdırsa, risk də o qədər çoxdur. Yəni çox yaşlı insanlarda və körpələrdə aparılan əməliyyatların riski sırf yaş faktoru ilə əlaqədar olaraq daha yüksəkdir. Buna görə də biz yeni doğulmuşlar üzərində əməliyyatda aparanda və ya 80 yaşın üzərindəki insanlarda ürək-damar əməliyyatlarını icra edəndə əlavə tədbirlər görürük ki, bu insanlarda əməliyyatın riskini minimuma endirə bilək.

- Tez-tez mediada, sosial şəbəkələrdə həkimlər, həkim səhvləri barədə məlumatlara, rəylərə, videolara rast gəlirik. Sizinlə bağlı demək olar ki, mənfi fikirlərə rast gəlinmir. Demək olar ki, barənizdə ancaq müsbət rəylər yazılır. Özünüz necə, mənfi məqamlarla qarşılaşırsınızmı?

- Açığı, mən özüm də haqqımda mənfi rəylərlə rastlaşmamışam. Artıq 17 ildir ki, Azərbaycanda çalışıram. Şükürlər olsun ki, bu günə qədər şəxsən mənimlə əlaqədar elə bir mənfi yazı ilə qarşılaşmamışam. Yəqin ki, olsaydı xəbər tutardıq. Ümumiyyətlə, həkimlərlə, ölkə səhiyyəsi ilə bağlı bəzi yazılar azərbaycanlı həkim kimi məni çox üzür. Düşünürəm ki, bizim insanların Azərbaycan həkiminə, Azərbaycan səhiyyəsinə inamını və etibarını mütləq şəkildə bərpa etmək lazımdır. Bizim insanlarımız da dünyanın digər yerlərində yaşayan insanlar kimi öz həkimlərinə, öz səhiyyələrinə etibar etməlidirlər. Uzun illər təhsilimi xaricdə almış biri kimi, tam səmimiyyətimlə deyirəm ki, 2001-ci ildən Azərbaycan səhiyyəsinin içərisindəyəm və bu günümüzü 2001-ci illə müqayisə etsək görərik ki, aradakı fərq inanılmaz dərəcədə böyükdür. 2001-ci ildə mən bizim insanlarla ürək əməliyyatları haqda danışanda, bu onlara qeyri-adi gəlirdi. Onlar düşünürdülər ki, bu həkim nə danışır. İnsanlar inanmırdılar, etibar etmirdilər. İnsanlar elə düşünürdülər ki, ürək əməliyyatını ancaq qeyri-azərbaycanlı, saçı ağarmış həkimlər icra edə bilərlər. İnsanlarda belə bir fikir formalaşmışdı ki, ürək əməliyyatını azərbaycanlı mütəxəssis icra edə bilməz. Mən o vaxt bu kimi fikirlərə görə üzülürdüm. Bu gün mediada, sosial şəbəkələrdə hansısa azərbaycanlı həkimlə əlaqədar mənfi yazılar çıxanda da çox üzülürəm. Bəli, biz həkimlərin də qüsuru, çatışmazlığı olur. Amma irəliyə doğru çox ciddi bir inkişaf var. Azərbaycan vətəndaşları azərbaycanlı həkimlərə inanmalı, etibar etməlidirlər. Çünki səhiyyənin və həkimlərin də inkişafının başqa yolu yoxdur. Əgər bizim insanlarımız həkimlərimizə etibar etməyəcəklərsə, ən xırda bir xətanı, yanlışı da sosial şəbəkələrdə, mediada böyüdərək həkimlərə və səhiyyəyə olan inamı daha da azaldarlarsa, əmin olun ki, heç bir həkim ölkəmizdə riskli, ciddi, ağır əməliyyatlara girməyəcək, daha mühafizəkar olacaqlar. Bu da ölkəmizdə səhiyyənin inkişafına heç də müsbət təsir etməyəcək.

- Müstəqillikdən sonra Azərbaycana xaricdə təhsil alıb qayıdan ilk gənc mütəxəssislərdən birisiniz. Bu gün isə sıralarınız genişlənib. Xaricdə təhsil alıb gələn və bu gün artıq tanınan xeyli kardiocərrah var. Aranızda rəqabət varmı?

- Hələ 2001-2002-ci illərdə Mərkəzi Klinika müasir Kardiocərrahi Mərkəzi kimi ilk və tək idi. Əmin olun ki, o illərdə çalışmaq mənim üçün daha çətin idi, nəinki bu gün. Çünki tək halda çalışarkən bütün xəstələr sizə müraciət edir, bütün problemlərlə siz qarşılaşmaq məcburiyyətində qalırsınız. İkinci bir məqam, mən bütün səmimiyyətimlə inanıram ki, rəqabət olmayan yerdə inkişaf olmaz. Mən rəqabəti çox sevirəm. Təbii ki, öz həmkarlarımla da rəqabət içərisində olmaq, hər şeydən əvvəl mənim inkişafımı təmin edir. Amma burada biz sağlam rəqabəti təmin etməliyik. Sağlam rəqabət inkişafın təməlidir. Rəqabət sadəcə, səhiyyədə və ya kardiocərrahiyyədə belə deyil. Mən bu gün çox sevinirəm ki, rəqabət apardığım kardiocərrahların bir çoxu özümün yetişdirdiyim tələbələrimdir. Mən onlara rəqib gözü ilə baxmıram, əksinə bu gün də əlimdən gəldiyi qədər dəstək verirəm. Çox sevinirəm ki, bu gün onlar mənimlə çiyin-çiyinə etdiyim əməliyyatları icra edirlər. Düşünürəm ki, bu həyatın qanunlarına uyğundur.

- Heç yaxınlarınızdan kimisə əməliyyat etmisinizmi?

- Birinci dərəcəli yaxınlarından olmayıb, amma yaxın qohum-əqrəbalardan əməliyyat etdiklərim olub.

- Özünüz olmasanız, yaxınlarınıza, doğma adamlara kardiocərrah, kardioloq kimi kimləri məsləhət görürsünüz?

- Birinci dərəcəli yaxınlarımı da öz tələbələrimi, hansı ki, onların bəzisi bu gün Mərkəzi Klinikada mənimlə birgə çalışır, bəziləri başqa klinikalarda fəaliyyət göstərirlər. Tam əminliklə deyirəm, mən özümü, yaxınlarımı onlara əmanət edə bilərəm.

- İyunun 7-9-da “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresi və Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin 15-ci Konfransı keçiriləcək. Artıq neçə illərdir ki, ənənə halını alan tədbir həkimlərə nə verir?

- Bildiyiniz kimi, 2004-cü ildən Azərbaycan Ürək-Damar Cərrahları Cəmiyyətini qurmuşuq. Ölkəmizdə fəaliyyətə başlayandan sonra bizim istəyimiz o idi ki, kardiocərrahiyyə sahəsində çalışan insanlar bir təşkilatda birləşsinlər və dünyadakı inkişaf etmiş mərkəzlərlə əlaqələrini qursunlar, Azərbaycan Ürək-Damar Cərrahları Cəmiyyəti Dünya Ürək-Damar Cərrahları Cəmiyyətinin bir hissəsi olsun. Bunun üçün də 2004-cü ildən Azərbaycan Ürək-Damar Cərrahları Cəmiyyəti adı altında birləşmişik və fəaliyyət göstəririk. Fəaliyyətimizin əsas istiqamətlərindən biri də kiçik və ya böyük ölçülərdə konfranslar, konqreslər, seminarlar təşkil etməkdir. Bunlardan ən böyüyü, artıq ənənəyə çevrilmiş “Bakı Ürək Günləri”dir. “Bakı Ürək Günləri” iki ildən bir keçirilən beynəlxalq konqresdir. Bu il 6-cı Beynəlxalq Konqres keçiriləcək. Düşünürəm ki, ənənəyə uyğun olaraq, budəfəki tədbirimiz yenə də ölkə səhiyyəsində və kardiologiyasında uzun müddət özündən bəhs etdirəcək. 6-cı konqresin daha bir əlamətdar xüsusiyyəti ondan ibarətdir ki, Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin 15-ci konfransı da bizim “Bakı Ürək Günləri” ilə birlikdə baş tutacaq. Bu da bizim beynəlxalq əlaqələrimizin inkişafı cəhətdən çox müsbət göstəricidir və artıq Azərbaycan səhiyyəsinin, Azərbaycan ürək-damar cərrahiyyəsinin də beynəlxalq səviyyədə qəbul görməsinin göstəricisidir. Üç gün müddətində 6 kurs təşkil edəcəyik. Kurslar həkimlər, kardioloqlar, kardiocərrahlar, terapevtlər, təcili yardım həkimləri və tibb bacıları üçün təşkil olunacaq. 13-dən çox sessiyada biz kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən son nailiyyətləri bu sahənin dünyadakı ən aparıcı mütəxəssisləri ilə müzakirə edəcəyik. 15-dən çox ölkədən - ABŞ, Böyük Britaniyadan, Fransa, İsveçrə, Rusiya, Türkiyə, İrandan ən aparıcı mütəxəssislər tədbirə dəvət olunublar. Onlar öz təcrübələrini bizim yerli həmkarımızla bölüşəcəklər.

- Azərbaycanda ilk süni ürək əməliyyatı bir neçə il əvvəl sizin rəhbərliyiniz altında icra olunub. Bildiyim qədəri ilə həmin şəxs yaşayır. Niyə bu təcrübə yayılmır? Çox bahalıdır, ona görə, yoxsa başqa səbəblər var?

- Süni ürək köçürülməsi və ya süni ürək cihazlarının implantasiyası əməliyyatları dünyada da son illər daha çox yayılmağa başlayıb. Artıq ürək transplantasiyasına bir alternativ kimi meydana çıxıb. Ölkəmizdə də ilk dəfə 2013-cü ilin yanvar ayında süni ürək cihazının köçürülməsi əməliyyatını icra etmişik. Bu əməliyyatın yayğın olmamasının çox müxtəlif səbəbləri var. Burada sosial səbəblər var. Tibbi səbəblər isə ondan ibarətdir ki, ciddi, mürəkkəb, kompleks əməliyyatlardır. Açığı, hər mərkəzdə süni ürək əməliyyatı icra edilə bilməz.

- Çox gərgin iş rejiminiz var. Əməliyyatlar, böyük bir xəstəxananın baş həkimi olmaq, Azərbaycan Tibb Universitetində müəllimlik... Bir çox tədbirlərdə, ictimai müzakirələrdə sizi görürük. Eyni zamanda, sosial şəbəkələrdə varsınız. Vaxtı necə bölürsünüz?

- Hər şeydən əvvəl düşünürəm ki, işimi sevirəm. Mən kardiocərrahi əməliyyatları icra etməyi də sevirəm, sosial şəbəkələrdə insanları sağlam həyata təşviqedici paylaşımlar etməyi də sevirəm. İnsan istəsə, hər bir şeyə vaxt tapa bilər. Əgər siz gününüzü də sevərək bölərsinizsə, hər şeyə vaxt tapa bilərsiniz...

Fərid

Teqlər:

SON XƏBƏRLƏR