Bütün dünyada olduğu kimi, Azərbaycanda da ölümlərin 50 faizdən çoxu ürək və damar xəstəlikləri ilə bağlıdır. Əgər il ərzində ölkədə yol qəzaları, xəstəliklər səbəbindən 55 minə yaxın insan itkisi olursa, bunun 32 minə yaxını ürək və damar xəstəliklərindən qaynaqlanır.
Bunu e-tibb.az-a video açıqlamasında invaziv kardioloq, Mərkəzi Klinik Xəstəxananın Kardiologiya şöbəsinin müdiri, dosent Firdovsi İbrahimov deyib.
Onun sözlərinə görə, bu ölümlər infarktlar, ürək damarlarında tutulmalar, bunlarla bağlı beyin damarlarında yaranan problemlər, böyük damarların yırtılması nəticəsində baş verir: “Bu problemlərə ciddi yanaşmaqla həmin sayı azalda bilsək, məsələn, 32 min ölüm sayını 26-27 minə endirə bilsək, böyük uğur qazanmış olarıq”.
F. İbrahimov bu problemlərin səbəbləri barədə danışaraq deyib ki, ilk növbədə tütündən imtina etmək, təzyiqi, qanda şəkər, xolesterin səviyyəsini daim nəzarətdə saxlamaq lazımdır: “Təzyiq 135-85-dən yuxarı olmamalıdır. Yuxarı təzyiqin tədricən çox ciddi fəsadları ortaya çıxır. Bizim damarlarımız 135-85-dən yuxarı təzyiqə dözə bilmir. Təzyiqin yuxarı olması infarkt, insult, damarların yırtılması, böyrək çatışmazlığı kimi böyük fəsadlara səbəb olur”.