"Bakıda, 1-ci mikrorayonda köhnə tikililərin sökülüb yenidən inşa olunması ilə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı var. Ərazidə tikinti işlərinə başlanılması üçün aidiyyəti şirkətlərlə danışıqlar aparılır".
ONA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, 1-ci mikrorayonda işlər mərhələli şəkildə aparılacaq, evlər hamısı birdən sökülməyəcək: "Bu, elə də asan məsələ deyil. Çünki orada yaşayan əhalinin müvəqqəti köçürülməsi məsələsi var".
K.Heydərov qeyd edib ki, məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də birgə müzakirələr aparılır.
Qeyd edək ki, Nazirlər Kabineti 2017-ci ilin martın 10-da 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı qərar qəbul edib. Qərar sözügedən mikrorayondakı “Xruşşovka”ların sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi əsası ilə sökülməsini nəzərdə tutur. Mikrorayondakı yenidənqurma işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə (FHN) həvalə edilib. Aparılacaq tikinti işlərinə özəl şirkətlərin və kredit vəsaitlərinin cəlb edilməsi qərarda nəzərdə tutulur.