Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun APA-ya müsahibəsi.
- Dünyada və regionda təbii fəlakətlərin, yanğınların çoxalması Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini cəmiyyət üçün də aktual edir. Hazırda Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini necə qurur?
Əvvəlcə onu qeyd edim ki, 2005-ci il dekabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin yaradılmasında məqsəd təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, belə hallarda xilasetmə və bərpa işləri üzrə fəaliyyətin vahid mərkəzdən idarə olunması, həmçinin ölkədə mülki müdafiə işinin təşkili və həyata keçirilməsi idi. Hazırda dünyada baş verən təbii fəlakətlərin say çoxluğu, texnogen qəzalar, pandemiya kimi hallar bu cür proseslərlə effektiv mübarizədə vahid mərkəzdən idarəertmənin çox mühüm əhəmiyyət daşıdığını göstərir. Bu, bir daha möhtərəm Prezidentin nə qədər müdrik qərar qəbul etdiyini sübut edir.
Nazirlik yaradılarkən tabeliyinə verilən qurumların balansındakı texnikanın əksər hissəsi mənəvi və fiziki baxımdan köhnəlmişdi. Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirliyin tabeliyindəki qurumlar ən müasir və müxtəlif təyinatlı texnikalarla təchiz edildi. İndi nazirliyin balansında müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınları, fövqəladə hallar zamanı hadisə yerində böhranları idarə eləyən rabitə sistemləri ilə təchiz olunmuş mobil qərargah - avtobus, "Hammer" markalı radiosistemli xüsusi təyinatlı avtomobillər, hündürlük nərdivanları, xilasetmə işlərinin aparılmasında istifadə olunan xüsusi texnikalar, "BMW" markalı motosikletlər, bomba zərərsizləşdirici sistemlər, dənizdə xilasetmə əməliyyatları üçün çoxfunksiyalı katerlər, xilasedici qayıqlar, axtarış gəmiləri, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən "Be-200 ÇS" amfibiya təyyarə, helikopterlər, tikintilərin mövcud texniki təhlükəsizlik normaları və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyalar, fövqəladə hadisə baş vermiş ərazidə, yol şəraiti çətin olan yerlərdə qısa müddət ərzində zərərçəkənlərə və xəstələrə tam həcmli tibbi yardım göstərmək üçün mobil hospitallar var.
Pandemiya dövründə Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan növbəti modul tipli hospitalı qısa müddətdə inşa edildi və hazırda da fəaliyyətini davam etdirir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə zəfər qazandığımız Vətən Müharibəsi dövründə də Fövqəladə Hallar Nazirliyinin qüvvələri ən ekstremal vəziyyətlərdə xidməti vəzifələrini icra etdi. Mülki müdafiə sistemləri və sığınacaqların təşkili, mülki əhali ilə mütəmadi işin təşkili, müharibədən zərər görən mülki əhalinin yerləşdirilməsi, axtarış-xilasetmə işlərinin həyata keçirilməsi vəzifələrini nazirlik əməkdaşları şərəflə yerinə yetirdilər. Ermənistanın beynəlxalq hüququn tələblərini kobud surətdə pozaraq Azərbaycanın mülki əhalisinin yaşadığı və döyüş bölgəsindən xeyli uzaqda olan Gəncə, Bərdə, Ağcabədi rayonlarında törətdiyi dağıntılarda mülki əhalinin xilas edilməsi, yerləşdirilməsi təmin edildi. Həmçinin nazirliyin Tibb Mərkəzi qardaş Türkiyədən dəvət olunmuş psixoloqlarla birlikdə Vətən Müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə psixoloji dəstək göstərib, reabilitasiya prosesində iştirak etdilər.
Hazırda bölgələrdə 9 regional mərkəzin fəaliyyəti təmin olunub. Dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin hissələri fəaliyyət göstərir. Həmçinin Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb. Nazirliyin qüvvələri hazırda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesində də iştirak edir.
Nazirliyin fəlakətlərdən ziyan çəkmiş ölkələrə yardım göstərilməsi sahəsində böyük təcrübəsi var. Bu məqsədlə Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi yaradılıb. Hər cür xilasetmə texnika və avadanlıqlar, o cümlədən təyyarə və helikopterlərlə təchiz olunmuş Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, həmçinin humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Rusiya Federasiyasında, İsrail dövlətində, Gürcüstanda baş vermiş meşə yanğınları, Pakistan İslam Respublikasında, Rusiya Federasiyasında, Əfqanıstan İslam Respublikasında, Serbiya Respublikası və Bosniya və Hersoqovinada daşqınlar, Türkiyə Respublikasının Van vilayətində, İran İslam Respublikasında baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən kömək göstərilib. Həmçinin Qırğız Respublikasının Oş vilayətində, Haitidə baş vermiş zəlzələlərin, Filippində baş vermiş qasırğanın fəsadlarının aradan qaldırılması məqsədilə və Somalidə aclıqdan əziyyət çəkən insanlar üçün hökumətin etdiyi yardımların çatdırılması təmin edilib.
- Hazırda Türkiyədə yanğınların söndürülməsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri də iştirak edir. Əlavə qüvvələrin də göndərilməsi nəzərdə tutulurmu?
- Bəli, Cənab Prezidentin müvafiq tapşırığına əsasən, Azərbaycan bu gün Türkiyədə meşə yanğınlarının qarşısının alınmasında qardaş dəstəyi göstərir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirir.
Onu qeyd edim ki, qardaş Türkiyədə baş verən meşə yanğınları hər gün Cənab Prezidentin diqqət mərkəzindədir. Türkiyədə yanğınların söndürülməsi prosesi ilə bağlı möhtərəm Prezidentə gündəlik və mütəmadi olaraq vəziyyət məruzə edilir. Ali Baş Komandan tərəfindən qardaş ölkəyə dəstək göstərilməsi üçün mütəmadi yeni göstəriş və tapşırıqlar verilir. Möhtərəm Prezident Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının qardaş ölkədə göstərdikləri peşəkarlığı və fədakarlığı yüksək qiymətləndirib, şəxsi heyətə öz təşəkkürünü bildirib. Eyni zamanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinə təşəkkürünü çatdırmağı tapşırıb.
Biz gün ərzində bir neçə dəfə Türkiyə hökumətinin üzvləri ilə əlaqə saxlayaraq, vəziyyəti müzakirə edirik və buna uyğun addımlar atırıq. Bütün proseslər barədə mütəmadi olaraq cənab Prezidentə məruzə olunur.
Qeyd edim ki, hazırda Türkiyə Respublikasında olan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin rəhbərliyi ilə mütəxəssislərimiz yanğınların qarşısının alınması prosesinin koordinasiya edilməsində türkiyəli qardaşlarımızla birgə fəaliyyət göstərirlər.
Türkiyədə yanğınların qarşısının alınması üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 510 nəfərlik şəxsi heyəti, bir "Be-200 ÇS" amfibiya təyyarəsi, bir helikopteri, 93 yanğınsöndürmə texnikası cəlb olunub. Nazirliyin əməkdaşları Türkiyənin Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarının mühafizəsi ilə də məşğul olurlar.
Dövlət başçısının tapşırığı ilə bu gün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin daha 200 əməkdaşı Türkiyəyə göndəriləcək.
Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. İstər xalqlarımız, istərsə də dövlət başçılarımız həmişə bu ideyaya sadiq qaldığını nümayiş etdirib. Bu gün də biz bu dostluq və qardaşlığın ən yüksək səviyyədə olan növbəti nümunəsini müşahidə edirik.
İnanırıq ki, qardaş Türkiyədə tezliklə yanğınlar söndürüləcək. Qardaşlarımız indiyə qədərki bütün çətinliklərdən olduğu kimi bu sınaqdan da əzmlə və bacarıqla çıxacaqlar. Azərbaycan yanğınsöndürənləri və xilasediciləri də yanğınların qarşısı tam alınana qədər türkiyəli qardaşlarının yanında olacaq.
- Son günlər Azərbaycanda da bir neçə meşə massivində və ağaclıq ərazilərdə yanğınlar oldu. Hazırda bizim ölkəmizdə vəziyyət necədir?
- Son günlər Hirkan qoruğunda və Yardımlı rayonu ərazisindəki meşə massivində yanğın baş verib. Ağsu aşırımında da ağaclıq ərazidə yanğın baş verib. Artıq bu yanğınlar nazirliyin yanğınsöndürmə heyəti tərəfindən söndürülüb. Lakin mən fürsətdən istifadə edərək, meşəlik ərazilərə səyahət edən, burda dincələn insanlara müraciət etmək istəyirəm. Onlar meşəlik ərazidə tonqal qalamaqdan, oddan istifadə etməkdən çəkinməlidirlər. Siqaret kötüyünün belə sönməsinə əmin olmaq lazımdır. Əks təqdirdə, adi bir ehtiyatsızlıq böyük fəlakətə səbəb olur. Ölkəmizin flora və faunası hamımız üçün əvəzolunmaz sərvətdir. Həmin meşə massivlərinin bərpa olunması illərlə vaxt tələb edir. Üstəlik yanğınlar hava çirkliliyinin artmasına səbəb olur. Buna görə də mən hər bir vətəndaşımızdan həssaslıq göstərməyi xahiş edirəm.