Nazirlər Kabineti "Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası", “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”, “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası” və "Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" qərarında dəyişiklik edib.
ONA-nın məlumatına görə, qüvvədə olan Qaydaya əsasən, indiyə qədər daxili işlər orqanlarında (Daxili İşlər Nazirliyinin Daxili Qoşunları istisna olmaqla) xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün hər ay Bakı şəhərində 47 manat, başqa şəhər və rayon mərkəzlərində 33 manat, digər yaşayış məntəqələrində 27 manat pul kompensasiyası ödənilib.
Dəyişikliyə əsasən, Bakı şəhərində hər ay ödənilən pul kompensasiyası 47 manatdan 150 manata, başqa şəhər və rayon mərkəzlərində 33 manatdan 75 manata, digər yaşayış məntəqələrində 27 manatdan 55 manata qaldırılıb. Eyni zamanda daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda hər ay 100 manat pul kompensasiyası ödəniləcək.
“Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nda və “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nda anoloji məzmunda dəyişiklik edilib. Bu orqanların əməkdaşlarına da müvəqqəti mənzilin kirayəsi üçün hər ay Bakı şəhəri üzrə ödənilən 47 manat pul kompensasiyası 150 manata, başqa şəhər və rayon mərkəzlərində 33 manatdan 75 manata, digər yaşayış məntəqələrində 27 manatdan 55 manata qaldırılıb. Eyni zamanda Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün isə 100 manat məbləğində yeni kompensasiya məbləği müəyyənləşdirilib.
"Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" qərara əsasən, yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün hər ay Bakı şəhərində şərti maliyyə vahidi məbləğinin 43 misli miqdarında, başqa şəhər və rayon mərkəzlərində şərti maliyyə vahidi məbləğinin 30 misli miqdarında, digər yaşayış məntəqələrində şərti maliyyə vahidi məbləğinin 25 misli miqdarında kompensasiya ödənilib. Dəyişikliyə əsasən bu məbləğlər də müvafiq olaraq 150, 75 və 55 manata qaldırılıb, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün isə 100 manat məbləğində yeni kompensasiya məbləği müəyyənləşdirilib.
Bu Qərar 2019-cu il martın 1-dən tətbiq edilir.