• SOSİAL

    12:31 28 mart 2019

KİV-in məlumatı əsasında vəzifəli şəxslər barədə intizam icraatı başlanacaq

Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksinin tələblərinin pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumat dərc edildikdə, intizam icraatına başlanıla bilər.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”ndə əksini tapıb.

Eyni zamanda Davranış Kodeksinin müddəalarının dövlət satın-almalarına cəlb olunan vəzifəli şəxs tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslərdən şikayət və ya digər məlumat daxil olduqda, intizam icraatına başlanıla bilər.

Sənəddə qeyd edilir ki, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksində təsbit olunmuş tələb və qaydalara dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən əməl edilməməsi, həmçinin digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin tələb və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndiriləcək və intizam məsuliyyəti yaradacaq. İntizam məsuliyyəti yol verilmiş pozuntu faktı üzrə keçirilən xidməti araşdırmanın nəticələrinə əsasən müəyyən ediləcək. İntizam icraatı zamanı dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə hüquq-mühafizə orqanına məlumat verməlidir.

Davranış Kodeksinə əsasən, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs aşağıdakılar barədə satınalan təşkilatın rəhbərliyinə dərhal məlumat verməyə borcludur:

- konkret satınalmalarda maraqlarının olması;

- xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarada biləcək halların olması;

- satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluq, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və maraqlarının toqquşmasına səbəb olan digər münasibətdə olması;

- satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olması;

- malgöndərənin (podratçının), onun tabe olduğu baş müəssisənin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı olması.

Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görməlidir. Vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalı, bu aktlara əməl edilməsi ilə əlaqədar hər hansı suallar yarandıqda, bu barədə tabe olduğu rəhbərinə müraciət etməlidir.

Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslər qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməməli, qərarlar qəbul etməməlidirlər. Dövlət satınalmaları zamanı bu satınalmalara cəlb olunan vəzifəli şəxsə qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, həmin vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun işlədiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.

Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı dəyərdə olan hədiyyə qəbul edə bilməz. Qəbul edilmiş hədiyyənin dəyərindən asılı olmayaraq, əməkdaş qəbul edilmiş hədiyyə və ya xidmətlər barədə öz rəhbərini məlumatlandırmalıdır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR