Səhiyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə dini ekstremizm və radikalizmlə mübarizəyə həsr olunmuş seminar-müşavirə keçirilib.
DQİDK-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, tədbirdə DQİDK, Bakı Baş Səhiyyə İdarəsi, eləcə də Baş İdarənin tabeliyində olan tibb müəəssiələrinin rəhbərlərinin iştirak edib.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin aparılmasından ibarətdir. Xaricdəki bəzi dairələr tərəfindən İslamın terrorla eyniləşdirildiyini diqqətə çatdıran DQİDK sədrinin müavini vurğulayıb ki, Yaxın Şərq ölkələrində gedən proseslər İslamı gözdən salmaq istəyən qüvvələrin məkrli siyasətinin nəticəsidir. Dünyada qlobal təhlükəsizlik problemlərinin əsasını dini və etnik zəmindəki münaqişələrin təşkil etdiyini bildirən sədr müavini respublikamızda dinlərarası və millətlərarası münaqişələrin baş vermədiyini bildirib.
Dini radikalizmlə mübarizədə hər kəsi ayıq-sayıq olmağa çağıran DQİDK sədrinin müavini deyib ki, dini ekstremizm və radikalizmlə mübarizə ümumxalq işinə çevrilməlidir.
Daha sonra təqdimatla çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri və ölkəmizdə mövcud olan məzhəblərarası vəhdət bütün dünya üçün bir nümunədir. Natiq onu da vurğulayıb ki, Azərbaycanda müsəlmanlar ölkə əhalisinin 96%-ni təşkil edirlər. İslam dini ölkəmizdə təkcə ibadət ediləcək inanclar sistemi deyil, eyni zamanda xalqımızın mədəniyyətinin tərkib hissəsidir.
Dini ekstremizmin sosial və ictimai zərərləri, eləcə də dini radikalizmə qarşı mübarizə tədbirləri haqqında da məlumat verən sədr müavini qeyd edib ki, radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği düzgün aparılmalıdır. G.İsmayılov bildirib ki, müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır.
Tədbirdə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Şəhadət” sənədli filmi nümayiş etdirilib.