Bu gün Samux rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Samux Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib.
Komitinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-treninqdə mövzu ətrafında maraqlı fikirlər səsləndirilib.
Samux RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev məruzəsində bu səpkili tədbirlərin keçirilməsinin dini maarifləndirmə yolu ilə milli-mənəvi və islami dəyərlərin qorunması istiqamətində aparılan işlərə töhfə olduğunu vurğulayıb.
Çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov bildirib ki, xalqımızın tarixən dini radikalizmdən uzaq olmasına baxmayaraq, təəssüf ki, müstəqilliyimizi bərpa etdikdən sonra dini durumda üzləşdiyimiz problemlərdən biri də radikalizm olub: “Əslində, dini radikalizmə dini məsələdən daha çox din pərdəsi altında kənar qüvvələrdən qaynaqlanan təhdid kimi yanaşmaq lazımdır. Elm, təhsil olmayanda din xurafata çevrilir. Əgər hansısa cəmiyyətdə təhsil və dini biliklər paralel şəkildə insanlara çatdırılmırsa, xurafatın yayılması qaçılmaz olacaq. Onun sözlərinə görə, yad dini ideologiyaların təsiri altına düşənlərin dini bilgilərinin zəif olması ehtimalı böyükdür. Bu baxımdan gənclərə dinlər haqqında ümumi məlumatların verilməsi, müqəddəs kitabların mahiyyətinin izah edilməsi olduqca vacibdir”.