Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Qızılqum”, “Gilavar” sanatoriyası, “Qağayı” və “Gənc geoloqlar” düşərgəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Komitədən ONA-ya bildirilib ki, R. Rzayev müvəqqəti yaşayış yerlərinə baxıb, buradakı vəziyyətlə tanış olub, məcburi köçkünlərin müraciətlərini dinləyib. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.
Məcburi köçkünlərə bir daha bildirilib ki, onların sosial problemlərinin həlli üçün məqsədyönlü, ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığı ilə respublikanın ayrı-ayrı bölgələrində məcburi köçkünlər üçün müasir tipli yeni qəsəbələr salınır. Hər il minlərlə məcburi köçkün həmin qəsəbələrdəki tam təmirli mənzilərə, evlərə köçürülür.
Birinci vitse-prezident Mehriban Əliyeva sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğı göstərir.
Görüş iştirakçılarına izah edilib ki, Bakı şəhərində müvəqqəti qeydiyyatda olan və uzun illərdir, ağır şəraitdə yaşayan məcburi köçkünlər paytaxtda inşa edilən yaşayış komplekslərində yeni mənzillərə mərhələli şəkildə köçürülürlər. Hazırda Qaradağ və Pirallahı rayonları ərazilərində belə komplekslərin inşası davam etdirilir. Bu il Ramana qəsəbəsində yeni kompleksin inşasına başlanması nəzərdə tutulub.