“Təhsil müəssisələrinin akkreditasiyası 5 ildən bir keçirilirdi”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli söyləyib.
İ. Həbibbəyli deyib ki, dövlət deyil, özəl təhsil müəssiəslərinin akkreditasiyadan keçirilməsi yaxşı olar: “Millət vəkillərinin narazılığı rüsumların miqdarı ilə əlaqədardır, akkreditasiyanın keçirilməsi ilə bağlı deyil. Əgər deputatlar rüsumların məbləğindən narazıdırsa, biz qanun layihəsini yenidən Təhsil Nazirliyi ilə birgə müzakirə edib, baxa bilərik”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsində dövlət deyil, özəl təhsil müəssiəsələrindən rüsumların tutulmasından söhbət gedir: “Qanun layihəsi hazırda birinci oxunuşda müzakirəyə çıxarılıb. Rüsumlarla bağıl məsələyə ikinci oxunuşda baxıla bilər”.
İ. Həbibəyli də qanun layihəsinin ikini oxunuşunda iradların nəzərə alınacağını bildirib.
Qeyd edək ki, “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə tutulacaq dövlət rüsumunun dərəcələrinin müəyyənləşməsi təklif edilir. Qanun layihəsinə təklif edilən 32-1 maddəsinə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 3000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 7000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 15000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 15000 manat dövlət rüsumu tutulmalıdır.