Konstitusiya Məhkəməsinin Plenumu xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışının hansı müddəti ehtiva etməsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxıb.
ONA-nın məlumatına görə, sorğu onunla əsaslandırılıb ki, Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulan cinayətin subyektlərinin hərbi hissəni özbaşına tərk etmə və ya xidmət yerinə vaxtında gəlməmələrinin günlərlə hesablandığı hallarda onların əməllərinə cinayət hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə təcrübəsində ziddiyyətlər yaranıb.
Məhkəmələr tərəfindən əksər hallarda Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin şərh edilməsinə dair” 2005-ci il 18 iyul tarixli qərarına istinad edilərək hərbi qulluqçular hərbi hissəni və ya xidmət yerini tərk etdikləri və xidmət yerinə gəlmədikləri andan növbəti gün eyni saatadək olan müddət 1 gün kimi hesablanmaqla Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilirlər. Lakin bəzi məhkəmələr bu müddətin hesablanması ilə bağlı fərqli mövqeyə əsaslanaraq göstəriblər ki, Cinayət Məcəlləsinin 333-cü maddəsində müddətlər saatlarla deyil, günlərlə göstərildiyinə görə, həmin maddədə nəzərdə tutulmayan vaxt ölçüsü kimi saata istinad edilməsi və şəxsin cinayət məsuliyyətinə günün deyil, saatın keçməsi ilə bağlı cəlb edilməsi hüquqi müəyyənlik prinsipinin tələblərinə ziddir. Bu halda məhkəmələr Cinayət-Prosessual Məcəlləsinin 202.1-ci maddəsinə istinad edərək belə nəticəyə gəlirlər ki, cinayət mühakimə icraatı zamanı həmin Məcəllə ilə müəyyən edilmiş müddətlər saatlar, günlər, aylar, illərlə hesablanır və Cinayət Məcəlləsinin 333-cü maddəsində göstərilən müddət günün bitməsi və növbəti günün başlaması kimi gecə saat 12:00-dan sonra hesablanmalıdır.
İşə baxan Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışı 24 saatlıq müddəti ehtiva edir. Həmin maddədə göstərilmiş müddətlər çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etdiyi və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədiyi andan bir günün 24 saat olması nəzərə alınmaqla hesablanır.