Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun məbləği müəyyənləşib.
ONA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib.
Qanuna 33-6-cı (Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri) maddəsi əlavə olunub.
Maddəyə əsasən, könüllü dövlət daktiloskopik qeydiyyatının aparılmasına görə 20, könüllü dövlət genom qeydiyyatının aparılmasına görə isə 250 manat dövlət rüsumu müəyyən edilib.
Layihədə göstərilib ki, dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır.
Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.