• SOSİAL

    18:51 22 mart 2020

Koronavirus pandemiyasıyla əlaqədar yaradılmış İşçi Qrupunun ilk iclasında işəgötürənlərə xəbərdarlıq edilib

Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən ONA-ya verilən məlumata görə, S.Babayev qeyd olunan pandemiyanın qarşısının alınması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan, əhalinin infeksiyadan qorunmasına, habelə dünya iqtisadiyyatına ciddi zərbə vuran bu pandemiyanın milli iqtisadiyyata neqativ təsirlərinin azaldılmasına yönələn kompleks tədbirləri diqqətə çatdırıb.

Nazir bu tədbirlərin əsas prioritetlərindən birinin pandemiyanın milli iqtisadiyyata ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli olduğunu vurğulayıb.

İclasda pandemiyanın və bundan irəli gələn nəticələrin məşğulluq məsələlərinə mənfi təsirinin azaldılması ilə bağlı Tədbirlər planının layihəsi müzakirə olunub.

Eyni zamanda işəgötürənlər tərəfindən indiki şəraitdə işçilərin sayının əsassız azaldılmasının qarşısının alınmasının vacibliyi vurğulanıb, bu məqsədlə fəaliyyət mexanizmlərinin geniş müzakirəsi aparılıb.

Bununla əlaqədar İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından işəgötürənlərin nəzərinə (“Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə) müvafiq məzmunda Bildirişin çatdırılması qərara alınıb.

Qeyd edək ki, İşçi Qrupun üzvləri sırasına Dövlət Miqrasiya Xidmətinin rəisi, İqtisadiyyat nazirinin müavini, Maliyyə nazirinin müavini, Daxili İşlər nazirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, Mərkəzi Bankın sədrinin müavini, Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri daxildir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR