• SOSİAL

    17:00 17 mart 2020

Koronavirus: Təhlükəni yalnız dövlətin addımlarına dəstək verməklə önləmək olar - TƏHLİL

Dünyanı vahiməyə salan yeni növ koronavirus (COVID-19) infeksiyası getdikcə daha çox ölkəni əhatə edir, insanlar arasında yoluxma və ölüm halları artır. Məhz bu səbəbdəndir ki, artıq Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu bütün dünyada pandemiya elan edib. Pandemiya ölkə daxilində, qonşu dövlətlərin ərazilərində və bəzən dünyanın bir çox ölkəsində yoluxucu xəstəliyin yayılması ilə səciyyələnən qeyri-adi güclü epidemiyadır.

Bu gün dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 170 mini, ölənlərin sayı 7 mini keçib. Çindən başlayan xəstəlik artıq 143 ölkəni əhatə edir.

Koronavirus dünyanın ümumi mənzərəsini tamamilə dəyişib. Avropa ölkələrinin əksəriyyəti xarici ölkələrə hava uçuşlarını dayandırıb, sərhədləri bağlayıb. Bir sıra ölkədə, məsələn, İtaliyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət 6 ay davam edəcək. Vətəndaşların küçəyə çıxması önəmli dərəcədə məhdudlaşdırılıb.

Həkimlərin rəyinə görə, bu gün üçün hələlik koronavirusa təsir göstərdiyi isbatlanmış hər hansı dərman yoxdur. Bu səbəbdən xəstələrə şikayətlərini azaldacaq və zədələnmiş orqanın funksiyasını bərpasını dəstəkləyən müalicələr verilir. Odur ki, daha çox ölkə yoluxmuş insanları izolyasiya etməyə və yoluxma ehtimalının qarşısını almaq üçün daha güclü tədbirlər görməyə çalışır.

Səudiyyə Ərəbistanı krallığın şərqindəki ərazilərə girişi məhdudlaşdırıb. Ölkədə 11 təsdiqlənmiş koronavirusun təsbit edildiyi Qatif valiliyi karantinə alınıb. Səudiyyə mediası ölkədə bütün təhsil müəssisələrinin müvəqqəti bağlanacağını və bir sıra bölgə ölkələrinə gediş-gəlişin məhdudlaşdırılacağını yazır. Krallıq artıq müsəlmanların müqəddəs Məkkə və Mədinə şəhərlərinə ziyarətləri də dayandırıb.

Yaxın Şərqdə koronavirusdan ən ağır zərbə alan İran da Avropaya bütün uçuşların qeyri-müəyyən müddətə dayandırılacağını bildirib. İran koronavirus səbəbindən 70 000 məhbusu həbsdən müvəqqəti azad edib. Ölkədə koronavirusdan ölüm halları durmadan artır.

Avropanın pandemiyadan ən çox əziyyət çəkən ölkələrindən olan Fransada Səhiyyə naziri 1000-dən çox insanın bir toplaşmasına qadağa qoyub, eyni zamanda digər məhdudlaşdırıcı tədbirlər görülüb.

İsraildə 39 yoluxma hadisəsi qeydə alındıqdan dərhal sonra Baş nazir Benjamin Netanyahu xaricdən gələn hər kəsi, o cümlədən özünün karantinə alınmasını tələb edib.

ABŞ-ın 34 əyalətdə ən azı 539 yoluxma hadisəsini qeydə alıb. Vaşinqtonda koronavirusdan bir nəfərin öldüyü bildirilir. Nyu-York, Kaliforniya və digər ştatlarda fövqəladə vəziyyət elan edilib. Ölkədə getdikcə daha çox sayda məktəb bağlanır. Bunun təhsilə təsir edəcəyi, ailələrə zərər verməsi və icmaların bu səbəbdən ayağa qalxması narahatlıq doğurur.

ABŞ ordusu 4500 əsgər və ailə üzvünə koronavirusun təsir etməməsi üçün İtaliyaya və Cənubi Koreyaya səyahətini dayandırıb.

Finlandiya silahlı qüvvələri 9-19 mart tarixlərində Norveçlə birlikdə planlaşdırılan hərbi təlimlərin ləğv etdiyini açıqlayıb. Koronavirusa yoluxmanın sürətlə davam etdiyi İspaniya, Fransa, Almaniya və digər ölkələrdə də hökumət çıxış yolunu məhdudlaşdırıcı tədbirlərdə görür.

Təbii ki, bu, koronavirusun yayıldığı ölkələrin və görülən tədbirlərin tam siyahısı deyil.

Azərbaycana gəldikdə, bu günə ölkədə 28 nəfərdə koronavirus tapılıb, onlardan 6 nəfər sağalıb, hazırda 560 nəfər karantindədir. Rəsmi məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir. Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Qərargah koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşları Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırır.

Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq üçün digər qabaqlayıcı addımlar da atır. Bütün ölkə boyu dezinfeksiya işləri aparılır. Yaşayış binaları, iaşə obyektləri, müəssisə və idarələr, həyət və yaşayış məhəllələri, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür. Bundan başqa, paytaxtda küçə və prospektlər, yol kənarlarındakı məhəccərlər və s. də dezinfeksiyaedici maddələrlə yuyulur. Eyni zamanda paytaxt sakinlərinin daha çox istifadə etdikləri ticarət mərkəzlərində də dezinfeksiya işləri aparılır, əlavə qabaqlayıcı tədbirlər görülür. Xüsusilə, bazarlarda təmizlik işlərinə nəzarət gücləndirilib.

Kütləvi toplaşmaq tövsiyə edilmir, yas və toy məclislərinə məhdudiyyətlər qoyulub. Xarici ölkələrdən qayıdan vətəndaşlarımızın karantinə yerləşdirilməsi üçün əlavə yerlər hazırlanır. Vətəndaşlara xarici səfərlərdən çəkinmələri, yalnız ciddi zərurət olduğu halda bu səfərləri həyata keçirmək tövsiyə olunur. Hazırda Azərbaycan hökuməti tərəfindən COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ciddi tədbirlər görülür və istər Azərbaycan, istərsə də xarici ölkələrdəki bütün vətəndaşlarımızın sağlamlığının təmin edilməsi məqsədilə görülən bu tədbirlər barədə məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən mütəmadi şəkildə yayılır. Xarici ölkələrdəki vətəndaşlarımızdan hazırda olduqları ölkələrin COVİD-19 virusu ilə əlaqədar müəyyən etdikləri karantin qaydalarına riayət etmələri, bu ölkələrdəki Azərbaycan Respublikasının Səfirlik və Konsulluqlarının yaydığı məlumatları izləmələrini və üzləşdikləri hər hansı problemlə bağlı diplomatik nümayəndəliklərimiz ilə əlaqə saxlamaları xahiş edilir. Diplomatik nümayəndəliklərimiz tərəfindən bu xüsusda qaynar xətlər fəaliyyət göstərir.

COVİD-19 infeksiyasının yayılma təhlükəsi ilə əlaqədar, Azərbaycan Respublikası bəzi ölkələrlə hava və quru yolları ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıb. Koronavirusun yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlarımız müayinədən keçirilir və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılır.

Burada əsas nüans ondan ibarətdir ki, bu gün xəstəlikdən qorunmaq üçün hər hansı peyvənd yoxdur. Bu səbəbdən qorunmada hələlik ən effektiv yol virusla (xəstə insanlarla) təmasdan qaçmaqdır. Buna nail olmağın ən əhəmiyyətli yolu isə şübhəsiz qarşılıqlı səfər və görüşlərin təxirə salınmasıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın Bakı, Sumqayıt və Abşeron girişin məhdudlaşdırılmasına dair qərar da məhz bu məqsədlə qəbul edilib. Qərarda bildirilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir. Bu məqsədlə martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan avtomobillərin və sərnişindaşıma nəqliyyat vasitələrinin isə qeydiyyatda olduqları yaşayış məntəqələrindən kənara səfər etmələrinə və sərnişin daşımalarına icazə verilmir.

Eyni zamanda Sumqayıt və Abşeron istisna olmaqla, ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır, ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına da fasilə verilir.

Qərarda o da qeyd olunur ki, ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları sərbəstdir.

Qərarda o da qeyd olunur ki, xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq.

Ümumiyyətlə, istər bu, istərsə də bundan əvvəl koronavirusla mübarizə məqsədilə qəbul edilmiş qərarların icrası, eyni zamanda bu məhdudlaşdırıcı tədbirlərin təşvişlə deyil, sağlam düşüncə və aydın təfəkkürlə anlaşılması yaranmış situasiyada çox mühüm amildir.

Vurğulamaq lazımdır ki, “koronavirus xəritəsi”ndə önləyici tədbirlər görən ən qabaqcıl ölkələrdən biri də məhz Azərbaycandır. Virus təhlükəsinə qarşı vətəndaşların həmrəylik nümayiş etdirməsi və Nazirlər Kabineti yanında Operativ Qərargahının xəbərdarlıqlarına əməl edilməsi pandemiyanın qarşısının alınmasında önəmli silahdır.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR