“Koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlamağa qərar verilib”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov deyib ki, bununla bağlı əhaliyə geniş məlumat veriləcək.
Vaksinasiya strategiyası barədə məlumat verən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib ki, koronavirusa qarşı vaksinasiyada könüllülük prinsipi əsas götürüləcək.
T. Musayev deyib ki, strategiyada növbəti prinsiplər təhlükəsizlik, şəffaflıq, mərhələlik, ədalətlilik, məsuliyyət və əməkdaşlıqdır: “Əsas hədəf epidemioloji vəziyyətin sabitləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılmasıdır”.
Teymur Musayev bildirib ki, COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları və vaksinasiya mərhələləri müvafiq olaraq aşağıdakı kimidir:
1-ci mərhələ
- Səhiyyə işçiləri;
- 65 yaşdan yuxarı şəxslər;
- Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;
2-ci mərhələ
- Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);
- 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;
- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;
- Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.
Teymur Musayev deyib ki, vaksinlər adətən, iki mərhələdə vurulur: “Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir. Bu vaksin qoruyucudur”.