Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə bu gündən Azərbaycan ərazisində yeni qadağalar qüvvəyə minib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.
Bununla belə, son günlər COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, bu gündən aşağıdakı qadağalar tətbiq edilib:
- Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılıb;
- Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb;
- 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb;
- 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb;
- 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.
Qərarda qeyd olunur ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.
Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.
Operativ Qərargah bir daha bütün şəxsləri COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırır.