• SOSİAL

    16:12 31 may 2019

Agentlik: Son günlər yayılan kəpənəklər zərərli deyil, kənd təsərrüfatı üçün faydalı hesab olunur

"Son günlərdə ölkənin Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində, həmçinin Bakıda və Abşeron yarımadasında yayılmış kəpənəklərin heç bir zərəri yoxdur və əksinə, kənd təsərrüfatı üçün faydalı hesab olunur".

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən ONA-ya bildirilib ki, “Şeytanqaqalı kəpənəyi” adlandırılan və elmi adı “Vanessa cardui” olan bu kəpənəklərin bolluğu biomüxtəlifliyin zənginliyi, çiçəkli bitkilərin tozlanması, quşlar üçün isə yem ehtiyatıdır. Faydalı fitofaq olmaqla, əkin sahələri üçün təhlükəli alaq otu hesab edilən qanqalın başlıca növlərinə qarşı bioloji mübarizə vasitəsidir.

Şeytanqanqalı kəpənəyi alaq oltlarında - qanqal, gicitkən, dəvətikanı, türpəng kimi bitkilərdə tırtıl qoyaraq çoxalır və həmin bitkilərlə qidalanır. Aprel-may aylarında ölkədə aparılmış monitorinqlər nəticəsində bu il taxıl və digər əkin sahələrində şeytanqanqalı kəpənəyi tırtılı yayılmış həmin alaq otlarının zəif inkişaf etdiyi müşahidə edilib.

Şeytanqanqalı kəpənəyi ən çox Yaponiyada geniş yayılıb. Bəzi illərdə Rusiyada, Ukraynada, Belarusiyada, Moldovada, Zaqafqaziya və Qazaxıstanda çox təsadüf edilir. Türkiyənin bütün bölgələrində rastlanır. Kütləvi çoxaldığı illərdə birinci nəslin kəpənəklərinin aktiv miqrasiya etmək xüsusiyyətləri var. Kəpənəklərin may ayından oktyabr ayına qədər uçuşları müşahidə edilir. Yaz fəslində kəpənəklərin uçuşu cənubdan şimala, payızda isə şimaldan cənuba doğru istiqamətlənir. Azərbaycanda yayılma səbəbi də məhz bu miqrasiya yolunun üzərində olmasıdır.

AMEA-nın Zoologiya institutunun elmi işlər üzrə direktor müavini Elşad Əhmədov isə ONA-ya bildirib ki, həşəratların həyat tərzində belə kütləvi miqrasiyalar tez-tez olur: “10-11 ildən bir belə hallar təkrarlanır. Azərbaycanda da bundan əvvəl belə hallar müşahidə olunub. Bu kəpənəklər “Vanessa cardui” növünə aiddir. May ayının axırları, iyunun əvvəllərində bunların çoxalma dövrüdür. Bu kəpənəklər yüksək miqrasiya etmək xüsusiyyətinə malikdir. 5 min kilometrə qədər məsafəni qət edirlər. Şimali Afrikadan başlayaraq Aralıq dənizi, Qara dəniz üzərindən Avropa istiqamətində uçurlar. Bu növlərə adətən meşə kənarlarında, bağlarda, yol kənarlarında, sahillərdə, yabanı otlar olan sahələrdə rast gəlinir. Hazırda kəpənəklərin bu növü Türkiyədə, Kiprdə, İsraildə çox geniş yayılıb”.

E. Əhmədov deyib ki, Bakıda da bu növ kəpənəklərin kütləvi görünməsi ekoloji tarazlığın pozulması ilə bağlı deyil, miqrasiya məsələsidir: “Burada qorxulu heç nə yoxdur. Bu kəpənəklər 14-15 gündən sonra yoxa çıxacaqlar. Miqrasiya edənlər edəcək, etməyənlər də öləcək”.

E. Əhmədov onu da əlavə edib ki, bu kəpənəklərin bitkilərə heç bir ziyanı yoxdur. Bu növlər adətən bitki nektarları ilə qidalanırlar və zərərsizdirlər. İnsanlara və təsərrüfata da ziyanları yoxdur. Sadəcə hazırda ölkə ərazisindəki temperatur həşəratların çoxalması üçün əlverişlidir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR