Kimi mənzərəni seyr edir, kimi ərazini gəzir, kimisi isə çimir. Gördüyünüz kadrlarda hər şey yolunda, bütün qaydalara əməl olunmuş kimi görünür. Əslində isə belə deyil. Ərazidə yerə basdırılan qadağa nişanlarına baxdıqda, reallıq ortaya çıxır. Belə olduğu halda, onların işi həm çətinliyə düşür, həm də təhlükəli duruma çevrilir. İti baxışlı, dəqiq müşahidəli və çevik davranışlı insanların işi...
Onlar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşlarıdır.
Təhlükəni güdən bu insanlar küləkdə də, istidə də çimərliyə üz tutanların 24 saat xidmətindədir. Qaydalara riayət edildikdə isə onların əziyyətlərini az da olsa, yüngülləşdirmiş oluruq. Əks təqdirdə... Xilasedicilərə həyəcan təbili verilir.
APA TV olaraq biz də onlarla birlikdə şərti xilasetmə prosesində iştirak edirik. Formamızı geyinib, qayığımızı suya salırıq. Küləkli hava və ləpələr qayığın sürətinə mane olsa da, biz batan şəxsə doğru irəliləməkdə davam edirik: “Havanın küləkli olmasına baxmayaraq, dalğalara sinə gərib hadisə yerinə çatırıq. Bu yol təhlükəli olsa da, insan həyatının xilaskarı olmaq sevindiricidir”.
Hadisə yerinə tez çatmağımız nəticəsində batan şəxsi sudan çıxara bilirik. Əraziyə dərhal Təcili Tibbi Yardım gələrək ilkin müayinə həyata keçirilir. Batan şəxsin vəziyyəti ürəkaçan olmadığına görə Təcili Tibbi Yardım maşınına mindirilərək, xəstəxanaya yerləşdirilmək üçün aparılır. Həkimlər isə belə hadisələrdə vəziyyəti bu cür izah edir: “Belə hadisələrdə biz həmin dəqiqə hadisə yerinə özümüzü çatdırırıq. Xəstəyə ilkin yardım göstərilir. İlk yardımda əgər xəstənin vəziyyəti yaxşılaşırsa, yerindəcə yardım edilir, xəstə vəziyyətdən çıxarılır. Vəziyyəti ağırdırsa, bu zaman ilk yardımdan sonra xəstəxanaya çatdırılır”.
Bununla da xilasedicilərin işi yekunlaşır. Təbii ki, növbəti xoşagəlməz hadisəyə qədər. İş prosesində çəkdikləri əziyyətləri, yaşadıqları təhlükəli anları onların öz dilindən də eşidək. Xilasetmə məntəqəsinin rəisi deyir ki, gün ərzində 2-3 batan şəxs xilas edilir. Daha çox batma halları isə küləkli havalarda qeydə alınır: “Adam çox, dənizdə sıxlıq, hava şəraiti yaxşı olanda, məsəl üçün, uşaqlar nəzarətsiz qalır. Gün ərzində 5-10 nəfər uşaq itir, tapılır. Valideyninə qaytarırıq”.
Məntəqə rəisinin sözlərinə görə, bu sahədə işləmək istəyən insan qorxmaz, cəsarətli və yardımsevər olmalıdır. Əks təqdirdə, o, xilasedici ola bilməz: “İnsan xilas etmək, insanı həyata qaytarmaq elə də asan iş deyil. Hər adam insan xilas edə bilməz. Bu da bizim peşəmizdir. Biz də çalışırıq öhdəsindən yaxşı gələk”. 5 ildir bu sahəyə can qoyan İsa da peşəsini çox sevdiyini söyləyir. Çalışır ki, layiqincə xidmət etsin: “Bu sahədə işləmək istəyirsənsə, bu qorxu hissini kənarlaşdırmaq lazımdır. İnsanlara kömək eləmək lazımdır. Təhlükə hər gün olur, hər gün baş verir. İçkili suya girən kim, uşaqları nəzarətsiz qoyan kim... Belə təhlükələrlə üz-üzə qalırıq”.
“Hansı çətinliyiniz olub?” sualına isə o, belə cavab verir: “Xaricilərlə bir dəfə olmuşdu. İki nəfər idilər. Şükür Allaha, çıxartdıq. Amma çətinlik oldu”. Təhlükələrə məhəl qoymayıb, çimərliyə üz tutan xeyli insan var. Məqsəd isə birdir - sərinləmək: “Əslində təhlükəlidir belə havada gəlmək. Amma biz dənizi sevirik, həvəskarıq. Xoşumuz gəlir, dura bilmirik. Çox qabaqlara getmirik ki, təhlükəli olar. Belə qıraqda, sahildə öz sağlamlığımız üçün gəlib bir neçə saat əylənirik”.
Elvin Paşazadə,
Əli Ələkbərov,
APA TV