Kürdəmirin Sığırlı kəndində 10 yaşdan yuxarı qızlar məktəbdən yayındırılır? - [color=red]ARAŞDIRMA[/color]
  • SOSİAL

  • 11:14 02 May 2019

Kürdəmirin Sığırlı kəndində 10 yaşdan yuxarı qızlar məktəbdən yayındırılır? - ARAŞDIRMA

Sosial şəbəkələr həyatımıza daha çox daxil olduqca, bundan xoş olmayan məqsədlərlə sui-istifadə edənlərin də sayı artır.

Elə bu günlərdə belə informasiyalardan daha biri diqqətimizi çəkdi. Səhifələrin birində belə bir məlumat paylaşılmışdı:

“Kürdəmirin Sığırlı kəndindəki C.Əsgərov adına tam orta məktəbində qızlar çox ciddi təhsil məhdudiyyəti yaşayırlar. Belə ki, ibtidai sinfi bitirmiş - on yaşdan başlayaraq bütün qızlar beşinci sinifdən etibarən evə qapadılır, təkbaşına həyətdən küçəyə belə çıxışına icazə verilmir. Çünki hər an qaçırılma təhlükəsi qarşısındadırlar. Valideynlərin edə biləcəyi və guya çıxış yolu qızları təhsildən yayındırmaqdır. Hətta təhsil almaq istəyən ailələr kənddən köçür. Bu isə çox az hallarda baş verir. Çünki oxumuş istənilən qıza əxlaqsız kimi baxırlar. Müəllimlər isə dərslərdə iştirak etməyən bütün qızlara "iştirak edir" və saxta qiymətlər yazır. Orta məktəbin buraxılış imtahanlarına belə buraxılmırlar və ya imtahana hamilə halda gedirlər. Qızların təhsildən yayındırılmasının heç bir kapital tərəfdən səbəbiyyəti yoxdur. Kənd əhalisi normal maddi şəraitdə yaşayırlar.
Sadəcə, qızlara qarşı ciddi təzyiqlər və istismar var. Onlar artıq yeniyetmə yaşdan - həddi-büluğa - 18 yaşa çatmamış evləndirilir”.

Diqqətimizi cəlb etdiyindən, bu məlumatı araşdırmaq qərarına gəldik. Bu məqsədlə xəbər etmədən Kürdəmir rayonunun Sığırlı kəndinə yollandıq. Məlum oldu ki, 8 min nəfər əhalisi olan kənddə cəmi bir məktəb fəaliyyət göstərir. Cabbar Əsgərov adına Sıgırlı kənd tam orta məktəbində ümumilikdə 1200-dən artıq şagird təhsil alır. Dərslər iki növbəli tədris olunduğundan, 5, 6 və 7-ci sinif şagirdləri ikinci növbə təhsil alırlar.

Apardığımız müşahidələr zamanı məlum oldu ki, qızlar dərslərdə iştirak edir. Şagirdlərin dediyinə görə, onların məktəbə gəlib-getməsində məktəb rəhbərliyi və valideynlər tərəfindən heç bir maneə yoxdur.

Məktəbin direktoru Bəycan Mürşüdov ONA-nın yerli bürosuna bildirib ki, şagirdlər tərəfindən bəzi hallarda dərsə gecikmələr olur. Bu isə şagirdlərin yolunun uzaq olması ilə bağlıdır. Bəzi şagirdlər məktəbə gəlmək üçün 4-5 km məsafə qət etməli olurlar.

Direktor da qeyd edib ki, qızların məktəbə gəlib-getməsində valideynlər tərəfindən heç bir maneə törədilmir: “Son 5 ildə məktəb şagirdlərindən qaçırılan və ya ailə quran da olmayıb”.

Göründüyü kimi, sosial şəbəkədə geniş rezonans doğuran daha bir xəbərin nəinki yanlış məlumat, üstəlik, bütöv bir kəndin əhalisinə atılan böhtan olduğu üzə çıxdı. Bu isə onu göstərir ki, sosial şəbəkələr heç bir halda ciddi informasiya mənbəyi ola bilməz.