• SOSİAL

    15:03 10 mart 2022

Kürün qurumasının qarşısını almaq üçün görüləcək tədbirlər məlum olub

Baş nazir Əli Əsədov “Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncamda qeyd edilib ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə müvafiq Komissiya yaradılıb və su ehtiyatlarından içməli su təchizatı, suvarma və energetika məqsədləri baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində görülən tədbirlər sayəsində Kür çayı üzərində yerləşən və ölkənin ən iri su anbarı olan Mingəçevir su anbarına əvvəlki illə müqayisədə daxil olan suyun həcminin azalmasına baxmayaraq, anbarda yığılmış suyun həcminin təxminən 1 milyard kubmetr həcmində artırılmasına nail olunsa da, son illərdə dünyada, o cümlədən məhdud şirin su ehtiyatlarına malik Azərbaycan Respublikasında müşahidə edilən iqlim dəyişiklikləri ilə əlaqədar Mingəçevir su anbarında tələb olunan su həcminin toplanması mümkün olmayıb.

Bildirilib ki, azsululuq dövründə Kür çayının aşağı axarında suyun azalması və 50 kilometrlik mənsəb hissəsində Xəzər dənizinin suyunun çayın suyuna qarışması nəticəsində suyun duzlaşma dərəcəsinin artması baş verir ki, bu da həmin ərazidə məskunlaşmış əhalinin fasiləsiz içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatında ciddi çətinliklər yaradır.

Sərəncama əsasən, Kür çayının aşağı axarında azsululuq dövründə suqəbuledici qurğuların fəaliyyətində yaranan problemlərin və çayın mənsəb hissəsində müşahidə edilən suyun duzlaşma dərəcəsinin artmasının qarşısının alınması məqsədilə:

- “Azmelsutəsərrüfat” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb ki, texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanmaqla Kür çayının aşağı axarındakı suqebuledici qurğuların normal istismarı üçün suyun səviyyəsinin tənzimlənməsi və mənsəb hissəsində suyun duzlaşma dərəcəsinin artmasının qarşısının alınması ilə bağlı təxirə salınmadan müvafiq tədbirlərin görülməsini təmin etsin.

İqtisadiyyat Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə və Neftçala Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, öz səlahiyyətləri çərçivəsində bu Sərəncamda qeyd olunan işlərin həyata keçirilməsinə zəruri köməklik göstərsinlər.

Komissiyaya tapşırılıb ki, bu Sərəncamda qeyd olunan işlərin həyata keçirilməsini təmin etmək məqsədilə zəruri əlaqələndirmə və maliyyələşmə məsələlərini həll etsin.

ONA

Teqlər:

SON XƏBƏRLƏR