Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Laçın yolunda aksiya keçirən ekofəallar və QHT təmsilçiləri sülh mesajı veriblər.
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları sülh rəmzi olan göyərçinləri havaya buraxıblar.
Göyərçin təsviri həm də Rusiya sülhməramlılarının geyimində - qolları üzərindəki şevronda əks olunur. 44 rəqəmi isə Azərbaycanın qalib dövlət kimi güclü mövqeyini, əldə etdiyi tarixi Zəfəri simvolizə edir.
Bununla, onlar sülh və dinc yaşayışın tərəfdarı olduqlarını, aksiyanın yalnız humanitar məqsəd daşıdığını dünyaya çatdırıblar.
Qeyd edək ki, dekabrın 12-də başlayan aksiyanın iştirakçısı olan ekofəallar, vətəndaş cəmiyyətinin nümayəndələri, könüllülər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz bildirir, Rusiya sülhməramlı kontingentindən həmin yataqlarda monitorinq aparılması üçün şərait yaradılmasını tələb edir, onların komandanı Andrey Volkovdan yaranmış vəziyyətlə bağlı görüş istəyirlər.
Lakin aksiyanın başlanmasından 3 gün keçməsinə baxmayaraq, aksiya iştirakçılarının tələbləri yerinə yetirilmir.