Böyük Britaniyada “Senate Publishing” çap evində nəşr edilmiş “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib.
ONA-nın London bürosunun verdiyi xəbərə görə, tədbirdə Böyük Britaniya Birləşmiş Krallığının Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov, Böyük Britaniyanın Lordlar Palatasının üzvləri, BP və SOCAR rəsmiləri, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Birləşmiş Krallığın Azərbaycandakı səfiri Karol Krofts, diplomatik korpusların nümayəndələri iştirak edib.
Böyük Britaniya Lordlar Palatasının üzvü və “Senate Publishing” çap evinin sahibi Lord David Evans iki ölkə arasında mövcud səmimi münasibətlərin tarixindən danışıb. O, həmmüəllifi olduğu “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının böyük əhəmiyyətə malik olduğunu qeyd edib. “Bu cür kitabların çap edilməsi Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlərin daha da möhkəmlənməsinə, gənc nəslin bu barədə daha da dolğun məlumat almasına xidmət edir. Həmçinin, SOCAR-ın 7 ildir Böyük Britaniya Parlamentində müxtəlif tədbirlər təşkil etməsi nəticəsində Azərbaycan ölkəmizdə güclü və uğurlu tərəfdaş kimi tanınmaqdadır”,- deyə D. Evans bildirib.
Daha sonra layihənin həmmüəllifi, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə qonaqlara kitab haqqında məlumat verərək kitabın ərsəyə gəlməsində köməklik göstərmiş hər bir kəsə təşəkkür edib: “Bu kitab ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsi və Azərbaycanın xaricdə təbliğatı sahəsində gözəl bir vasitə olacaq. Həmçinin, kitablar Böyük Britaniyanın və eləcədə Azərbaycanın nüfuzlu universitetlərinin kitabxanalarına da paylanacaq”.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Azərbaycan və Britaniya arasındakı əlaqələrin daha da inkişaf etdiyini deyib. O, günün ilk yarısında keçirilən Böyük Britaniya və Azərbaycan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasının əhəmiyyətinə toxunub. P. Şahbazov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf siyasəti həyata keçirilir.
Böyük Britaniya Birləşmiş Krallığının Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson iki ölkə arasında böyük tarixə malik dostluq münasibətlərindən söz açıb: “Böyük Britaniya Azərbaycanda xüsusilə neft-qaz sahəsində ən böyük xarici investor olaraq qalır. Bu cür kitablar ölkələrimizin iqtisadi yaxınlaşması ilə yanaşı mədəni bağlılıqlarının daha da dərinləşməsinə səbəb olur. Biz Azərbaycanın enerji tarixinin inkişafına töhfə verməkdən qürur duyuruq və Azərbaycanda və Xəzər regionunda təməlini qoyduğumuz güclü tərəfdaşlıqlara söykənərək bu uğuru davam etdirəcəyimizə ümid edirik”.