Maliyyə Bazarlarına Nəzarət Palatasına lotereya və idman mərc oyunları təşkilatçılarına münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilib.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.
Maliyyə Bazarlarına Nəzarət Palatası adından belə inzibati xətalar haqqında işlərə İdarə Heyətinin sədri, sədrin müavinləri və digər üzvləri, departament direktorları, idarə rəisləri baxacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.