• SOSİAL

    15:18 1 mart 2019

Martın 3-də milli parklarda “açıq qapı” günü keçiriləcək

Martın 3-də milli parklarda “açıq qapı” günü keçiriləcək.

ONA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, 3 mart - Vəhşi təbiətin mühafizəsi günü ilə əlaqədar Azərbaycanın milli parklarında martın 3-də “açıq qapı” günü keçiriləcək: “Həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək. “Açıq qapı” günü səhər saat 09:00-dan axşam saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir”.

Nazirliyin Bioloji müxtəlifliyin qorunması departamentinin direktoru Hikmət Əlizadə isə deyib ki, milli parklar Azərbaycanın ən zəngin təbiətində yaradılıb: “Parklara giriş 2 manatdır, amma "açıq qapı" günlərində məqsədimiz odur ki, bütün şəxslər və xidmətlər pulsuz olsun. Dövlət Turizmin Agentliyinin dəvəti ilə xarici mütəxəssis bizim parkları gəzib və heyran olub. Azərbaycanda saysız-hesabsız bitki aləmi var. Çexiya səfirliyi ilə əməkdaşlıq edirik, may ayında əməkdaşlığımız daha da genişlənəcək. Qızılağac Milli Parkı öz ziyarətçilərini gözləyir. Bura unikal ərazidir, on minlərlə quş yaşayır. BMT-nin İnkişaf Proqramı vasitəsilə Qızılağac Milli Parkına dəstək göstərildi, infrastrukturu dəyişildi. Ziyarətçilərin ən çox marağı Göygöl Milli Parkına olub. Bura il ərzində 180-200 min ziyarətçi gedib. 2018-ci ildə 2017-ci ilə müqayisədə ziyarətçi sayında artım müşahidə olunur. Milli parklarda ən zəruri ehtiyacları ödəmək üçün balaca kafelər, fast-fudların olmasına çalışacağıq. Amma böyük restoran və kafelərin açılmasına ehtiyac yoxdur”.

“Açıq qapı” günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi milli parklara dəvət edir.

Qeyd edək ki, Azərbaycanda 10 milli park var:

1. Abşeron Milli Parkı.

2. Altıağac Milli Parkı.

3. Şahdağ Milli Parkı.

4. Samur-Yalama Milli Parkı.

5. Şirvan Milli Parkı.

6. Hirkan Milli Parkı.

7. Ağgöl Milli Parkı.

8. Göygöl Milli Parkı.

9. Qızılağac Milli Parkı.

10. Zəngəzur Milli Parkı.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR