• SOSİAL

    12:43 28 mart 2019

Martın 31-də DİM növbəti imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 31-də növbəti imtahanlar keçirəcək.

Mərkəzdən ONA-ya verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il martın 31-də:

- ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar;

– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

Bu imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- "İmtahana buraxılış vərəqəsi"ni;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan abituriyentlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanda 7353 (Bakıda 2059, Naxçıvanda 403, Gəncədə 1098, Şəkidə 354, Bərdədə 875, Göyçayda 474, Şirvanda 780, Lənkəranda 833, Xaçmazda 477) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 52 imtahan rəhbəri, 621 nəzarətçi-müəllim ayrılıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR