Mədəniyyət Nazirliyi QHT-in mədəniyyət sahəsində layihələrini dəstəkləmək üçün Azərbaycan Respublikasının Gənclər Fondunun da razılığını alacaq.
ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nda müvafiq dəyişiklik edib.
Qüvvədə olan Qaydaya əsasən, mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırıldıqdan sonra tədbirlər müəyyənləşib. Bu tədbirlərin siyahısı və həmin tədbirlərdə iştirak etmək niyyətində olan QHT-lər arasında müsabiqənin keçirilməsi barədə elan və müsabiqə şərtləri 3 iş günü müddətində nazirliyin rəsmi elektron saytında dərc edilib.
Dəyişikliyə əsasən, Mədəniyyət Nazirliyi mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə tədbirləri müəyyən etmək üçün həm də Gənclər Fondunun razılığını almalıdır.