Qırğızıstanın paytaxtı Bişkekdə Beynəlxalq Türk Akademiyası (TWESCO) Elmi Şurasının ikinci toplantısı keçirilib.
ONA-nın məlumatına görə, Qırğızıstanın elm və təhsil nazirinin ev sahibliyi ilə keçirilən toplantıda Azərbaycanı təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təmsil edib.
Elmi Şuranın iclasında TWESCO prezidenti Darxan Kıdırali 2018-ci ildə görülən işlərin hesabatını təqdim edib və 2019-cu il üçün fəaliyyət planı haqqında məlumat verib. Elmi Şuranın üzvləri türk dünyasının 2019-cu il üçün əlamətdar hadisələrinin beynəlxalq səviyyədə qeyd edilməsi barədə fikir həmrəyliyi nümayiş etdirib. Həmçinin Akademiyanın fəaliyyət planı təsdiq olunub, elm və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Türk dünyası üçün önəmli olan aşağıdakı yubileylərin üzv dövlətlər tərəfindən yüksək səviyyədə qeyd olunması barədə razılığa gəlinib:
1. Balasaqunlu Yusifin "Kutadqu Bilik" əsərinin yazılmasının 950-ci ildönümü;
2. Qızıl Orda Xanlığı ilə Monqol İmperatorluğunun yaranmasının 750-ci ildönümü;
3. Şair İmadəddin Nəsiminin anadan olmasının 650-ci ildönümü;
4. Məşhur türkoloq İştvan Konır Mandokinin anadan olmasının 75-ci ildönümü;
5. Atatürkün başlatdığı Milli Mücadilənin 100-cü ildönümü;
6. Türk dünyasının inteqrasiyası üçün böyük əhəmiyyətə malik, Türk Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və Mirası Fondunun qurulması ilə nəticələnən Naxçıvan Müqaviləsinin imzalanmasının 10-cu ildönümü.
Qeyd edək ki, Türk Akademiyasının yaradılmasına dair Müqavilənin 4-cü maddəsinə görə, təşkilat üzv ölkələrin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin) elm və təhsil nazirlərinin, Akademiya prezidentinin və vitse-prezidentlərin təmsil olunduğu Elmi Şura tərəfindən idarə edilir. Akademiya rəhbərlik funksiyası isə Prezident tərəfindən həyata keçirilir.
Beynəlxalq Türk Akademiyası Elmi Şurasını yaradılmasına dair qərar 28 noyabr 2014-cü il tarixində Bakıda keçirilən Türk Şurası Təhsil Nazirlərinin III İclasında qəbul edilib. TWESCO Elmi Şurasının ilk iclası 5 sentyabr 2015-ci il tarixində Astanada baş tutub.