"Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda tədbir keçirilib.
ONA-nın xəbərinə görə, tədbirdə Azərbaycanın Birinci Vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Ali Məhkəmənin səlahiyyətli şəxsləri və sahibkarlar iştirak ediblər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, bu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda 996 min 296 sahibkarlıq subyekti fəaiyyət göstərir: "Onlardan 133 min 541-i müəssisə və 862 min 755-i isə fərdi sahibkarlıq subyektidir. Azərbaycanda qeydiyyatda olan müəssisələrin 90.9%-i və ya 121 min 336-sı xüsusi müəssisələrdir".
G. Kərimov qeyd edib ki, dövlət orqanları ilə sahibkarların münasibətlərinin institusionallaşması nəzərdə tutulur.
Birinci vitse-prezidentin köməkçisi Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində Mediasiya Məktəbinin yaradılmasını təklif edib.
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev deyib ki, bu gün Azərbaycanda bütün sahələrdə islahatlar davam etdirilir: “Son dövrlərdə həyata keçirilən islahatlar bunu deməyə əsas verir ki, məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var".
Kiçik və Orta Biznesin İnkişafı Agentliyini İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, hakimlərin sahibkarlıqla bağlı biliklərinin artırılmasına, məhkəmə sistemində elektron kargüzarlığa keçidə, məhkəmə qərarlarının məzmununun sadələşdirilməsinə zərurət var.
Tədbir çıxışlarla başa çatıb.