• SOSİAL

    15:37 1 may 2019

Mehriban Əliyevanın baş çəkdiyi məcburi köçkün yataqxanasından REPORTAJ

Aprelin 26-da I vitse-prezident Mehriban Əliyeva Nəsimi rayonunda yerləşən Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşdü. Onların yaşayış şəraiti və problemləri ilə tanış olan Mehriban xanım bildirdi ki, onun tapşırığı ilə yeni yol xəritəsi hazırlanır: “Mən xüsusi olaraq gəlmişəm ki, sizin yaşayış probleminiz qısa bir zamanda həll olunsun, normal yaşayış şəraiti təmin edilsin. Bilirsiniz, həm Azərbaycan dövləti, həm Prezident, həm də şəxsən mən, bütün bu problemlərlə gündəlik fəaliyyətimizdə məşğul oluruq. Çıxış yolları da var. Bu günə qədər çox işlər görülüb, 300 mindən çox qaçqınımız, məcburi köçkünümüz mənzillə, evlə təmin olunub. Amma yenə də bu problem var. Biz gərək özümüz üçün proqram yaradaq ki, bütün bu məsələləri ardıcıl olaraq həll edək və bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə təmin edək. Mən bu yolda əlimdən gələn hər şeyi etməyə hazıram”.

Birinci vitse-prezident yataqxanada məskunlaşan insanlara bildirdi ki, yaxın günlərdə onlar Qobuda yerləşən yeni yaşayış massivinə köçürüləcək, orada hər bir şəraitlə təmin olunacaqlar.

Qəfil görüşün təəssüratlarını öyrənmək üçün həmin yataqxanaya yollandıq. Şəhərin mərkəzində yerləşən bu 5 mərtəbəli yataqxana hər halı ilə qayğılı, şəraitsiz olduğunu uzaqdan büruzə verirdi. Mərkəzdə yerləşsə də, sanki ətrafdakı inkişafdan, meqapolisin səs-küyündən bir növ utanıb, darısqal küçədə, ağacların arasında gizlənmişdi. 1993-cü ildən işğal altında olan bütün rayonlardan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 120 ailə yaşayır. Amma necə yaşayır?

Bunu gözümüzlə görmək üçün binaya daxil olduq. Yaxınlaşan adamlara məramımızı bildirdikdən sonra təəssüratlarını bizimlə bölüşdülər. Elə birinci mərtəbədə siması tanış bir xanımı gördük. Birinci vitse-prezidentlə yanaşı şəkil çəkdirən Hicran Həsənova idi:

- Qaçqın gələndə burada birinci məskunlaşan adamam. Hazırda mən, yoldaşım, gəlinim, oğlum, inşallah, nəvəm olasıdır, hamımız bir otaqda qalırıq. Açığı, oğlumla gəlinimi kirayə çıxarmışam. Darısqallıqda yaşamaq qeyri-mümkün idi. Mən çox istəyərdim ki, otağım ayrı olsun.

- Yəqin ki, ən sevindirici məqam buradan çıxıb getməkdir.

- Ən gözəl... Tək mən yox, elə burada yaşayanlar hamı sevinər. Heç vaxt biz bir masa ətrafında yığılıb bir yerdə yemək yeməmişik. Heç bir bayramda bir yerə yığıla bilməmişik. Bayramlarda heç bir qohumla əlaqəmiz olmur. Bizim bu şəraitə kimisə gətirə bilmirsən. Yenə də şükür Allahın böyüklüyünə. Allah rəhmət eləsin, Heydər Əliyevin dövründə biz bura yığıldıq, məskunlaşdıq. O dövr elə idi ki, hamının otağında ortadan pərdəsi olub. Təzə gələndə biz 18 nəfər bu otaqda yaşamışıq. Ən azından ayaq üstə durmağı bacarmışıq. Həyatı bilirik necədir. Amma biz o gedişatın hamısından qıraq olmuşuq.

- O gün Mehriban xanımın gəlişini əvvəldən bilirdiniz?

- Xeyr, bilməmişdik. Sonra Mehriban xanımla görüşdük. Çox şadam mən. Qəfildən oldu. Belə olmağını gözləmirdik. Mehriban xanımın bura gəlməyi, bizimlə görüşməyi və bizə o ümid verməyi ki, hər şey gözəl olacaq. Bütün şəraitlər orada yüksək səviyyədə olacaq. Biz prezidentimizdən də, onun xanımından da razıyıq. Çətinliklərimiz olub. Müharibə gedən ölkədir. Çətinliklər olmalıdır da, biz bunlara tab gətirməliyik də, dözməliyik də. Biz də 25, artıq 26 il olacaq ki, bu çətinliklərlə üzbəüzük. Amma şükür Allaha. Yenə də zaman gəldi, Mehriban xanım özü şəxsən bura gəldi, bizimlə görüş keçirdi. Şükür Allaha, köçürülmə mərhələsindəyik artıq. İnşallah, deyəsən, bu ayın 15-dən sonra köçürük.

Yataqxanada görmək istədiyimiz şəxslərdən biri də Mehriban xanımın söhbətləşdiyi şəhid anası idi. Əfruz Məmmədovanın oğlu Pənah Məmmədov 1993-cü ildə Qarabağ savaşında, doğma Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olub. 26 ildir bu yataqxanada məskunlaşıb. Mehriban xanım yataqxanaya gələndə onunla yaxından maraqlanması, söhbətləşməsi fotoqrafların gözündən yayınmamışdı və şəkilləri manşetlərə çıxmışdı:

- Bala, yaxşı adamdır. Belə çox, dedikcə yaxşı adamdır. Elə adam var ki, vəzifədədir, adamı tanıyıb eləmir. Amma o, mənimlə nənə-bala kimi danışdı. Mən də dərdimi dedim. Bala, qurban olum sənə, çox yaxşı adamdırlar. Əri də, özü də. Allah onları bu kəndin, şəhərin, respublikanın üstündən əskik eləməsin.

- Burada kiminlə məskunlaşmısınız? Kim var yanınızda?

- Bir gəlinimdir, bir bu uşaqdır, bir də oğlumdur. 4 nəfərik.

- Mehriban xanım 3-4 gün əvvəl sizinlə görüşüb. Bu yataqxanadakı vəziyyətlə tanış olanda gəlib sizinlə görüşüb, sizin şəkillər demək olar ki, bütün respublikaya yayılıb. Hamıya maraqlıdır ki, görəsən, Əfruz xala kimdir? Biz də gəldik ki, sizdən bir müsahibə alaq, sizi danışdıraq. Nə hisslər keçirdiniz? Bu adamlar sizə paxıllıq etmədilər ki?

- Adamlar paxıllanmadı. Amma öz qızlarım paxıllandı. Yox, yox, heç kim mənimlə paxıllanmayıb. Heç kim mənə bir söz deməyib.

- Dediniz ki, oğlunuz, gəlininiz, nəvəniz və siz bir yerdə qalırsız. Neçə otaqlı evdə qalırsız?

- Bir otaqlı.

- Zəngilanda böyük idi eviniz?

- Bax, belə, böyük evimiz vardı. İntəhası, bu gülsüz idi, o güllü idi.

- Növbəti ay Qobuda məcburi köçkünlər üçün tikilmiş yeni yaşayış massivinin açılışı olacaq. Orada sizə böyük, geniş, təmirli evlər verəcəklər. Nə planlarınız, nə arzularınız var?

- Mən Zəngilandan gələndən bir dənə paltar gətirməmişdim ki, atam üstümə. Arazdan adlamışdıq. Bir paltar tapmamışdım ki, geyinəm əynimə. Mehriban xanım hara göndərir, mən də ora gedim.

- 26 ildir məcburi köçkünsünüz. Heç geri qayıtmaq haqqında düşünürsünüz?

- Bizim prezidentimiz güclüdür, dəyanətlidir. Buradan Zəngilana ayaqyalın gedəcəm.

Əfruz ana ilə sağollaşıb, yataqxananın yaxınlığında yerləşən Zəngilan rayonu 20 nömrəli məktəbin şəraiti ilə tanış olmaq istədik. Mehriban Əliyeva yataqxanada məcburi köçkünlərlə görüş keçirərkən bu məktəbə də baş çəkmişdi. Bura əvvəllər Tibbi Universitetinin idman zalı olub. Elə otaqlar da buranın məktəb təyinatlı olmadığından xəbər verir.

Məktəbin direktoru Nazim Dünyamalıyev deyir ki, Qobuda salınan yaşayış massivində yeni məktəbin inşası da nəzərdə tutulub.

- Nazim müəllim, neçə ildir bu məktəb fəaliyyət göstərir?

- 24 ildir. İndiyədək bir neçə yerdə fəaliyyət göstərmişik. 131 şagird təhsil alır. 25 nəfər pedaqoji heyət var. Mehriban xanım bizim məktəbin şəraiti ilə tanış oldu. Çətin şəraitdə şagirdlərə verdiyimiz təhsillə yaxından tanış oldu.

Bu qaranlıq dəhlizlərdən keçib darısqal otaqlarda nəyi arzulamaq mümkündürsə, hamıya öz arzusuna çatmasını diləyirik. Təbii ki, dədə-baba torpaqlarımıza qayıtmaq bu arzuların tərkib hissəsidir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR