Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində Pedaqoji mühazirələrin keçirilməsi barədə əmr imzalayıb.
ONA-nın xəbərinə görə, əmrə əsasən, 2019-cu ildə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda Pedaqoji mühazirələr keçiriləcək.
Pedaqoji mühazirələrin ilk mərhələsi 2019-cu ilin mart-aprel aylarında rayon və şəhərlərdə, ölkə mərhələsi isə iyun ayında Bakı şəhərində keçiriləcək.
Pedaqoji mühazirələrin ölkə mərhələsinin iştirakçıları üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilib:
Bakı şəhərindən – 15 nəfər;
Gəncə şəhərindən – 5 nəfər;
Sumqayıt və Mingəçevir şəhərlərinin hər birindən – 3 nəfər;
digər şəhər və rayonların hər birindən – 2 nəfər;
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrinin hər birindən – 1 nəfər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrinin direktorları Pedaqoji mühazirələrin ilk mərhələsini mütəşəkkil keçirmək üçün işçi qrupu və münsiflər heyəti yaratmalı, müəyyən etdikləri meyarlar əsasında iştirakçıları qiymətləndirib qaliblərin Pedaqoji mühazirələrini may ayının 10-dək Təhsil Nazirliyinə göndərməlidirlər.
Pedaqoji mühazirələrin qalibləri diplom, tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.