• SOSİAL

    19:48 26 mart 2021

Məlahət İbrahimqızı: "Bu gün COVAX-ın ikili standartlardan çıxış etdiyi göz önündədir" - MÜSAHİBƏ

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızının APA-ya müsahibəsi.

- COVID-19 pandemiyasına qarşı necə effektiv mübarizə aparmaq olar?

- Əgər pandemiyanın ilkin mərhələsində əsas mübarizə vasitələri maska, məsafə və gigiyenik təmizlik idisə, bu gün artıq bu sıraya peyvəndlər də daxil olub. Maska, məsafə və gigiyenik təmizlik kütləvi yoluxmanın səviyyəsinin azaldılması, ölkələrdə səhiyyə sisteminin üzərinə düşün yükün azaldılması, beləliklə, yoluxma və ölüm göstəricilərinin minimuma endirilməsində əvəzsiz vasitələrdir. Hələ uzun müddət də COVID-19-la mübarizədə maska, məsafə və gigiyenik təmizlik mühüm rol oynamağa davam edəcək. Çünki qısa müddətdə dünyada vaksinasiya prosesinin yekunlaşması real görünmür. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, bəşəriyyət yalnız peyvənd sayəsində COVID-19 pandemiyasına son qoya bilər.

- Artıq COVID-19-a qarşı bir neçə vaksinin istehsalı və tətbiqi fonunda pandemiyanın qısa müddətdə başa çatacağını proqnozlaşdırmaq olarmı?

- Pandemiyaya qarşı effektiv mübarizə qlobal səviyyədə səylərin birləşdirilməsini tələb edir. Çünki pandemiya hər hansı ölkəni, qitəni deyil, ölkələri, qitələri əhatə edir. Ona görə də bir və ya bir neçə ölkənin deyil, qlobal miqyasla vahid mübarizə strategiyasının həyata keçirilməsi önəmlidir. Söhbət ilk növbədə vaksinlərin ədalətli bölüşdürülməsi və inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlərin, sosial durumundan asılı olmayaraq bütün insanların vaksinlərə əlçatanlığının təmin edilməsindən gedir. Təəssüf ki, bu gün mövcud reallıq təəssüf doğurur.

Qeyd etmək lazımdır ki, uzaqgörən və müdrik siyasəti ilə dünya siyasi liderləri sırasında xüsusi yer tutan Azərbaycan Prezidenti İlham Əliyev hələ pandemiyanın ilk mərhələsində dünyanın bu bəla ilə mübarizədə səylərini birləşdirməsi təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyevin ötən il Türk Şurasının sədri, həm də Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsləri, Türk Şurası və Qoşulmama Hərəkatının bu təşəbbüslər əsasında keçirilən videokonfrans formatında keçirilən Zirvə görüşləri, Qoşulmama Hərəkatının Zirvə görüşündə qəbul olunan müraciət əsasında BMT BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsini xatırlatmaq kifayətdir. Təsadüfi deyil ki, 2020-ci il 3-4 dekabr tarixində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi sessiyasında çıxış edən azsaylı dövlət və hökumət başçısından biri məhz Prezident İlham Əliyev olub. Azərbaycan Prezidenti bütün çıxışlarında olduğu kimi xüsusi sessiyada da COVID-19-la mübarizədə beynəlxalq səviyyədə səyləri birləşdirməyə çağırış edib.

Eyni zamanda Azərbaycan Prezidenti COVID-19-a qarşı peyvəndlərin ədalətli bölgüsü sahəsində yarana biləcək problemlərin də qarşısının alınması sahəsində çağırışları ilə diqqət çəkib. Bir neçə gün əvvəl – martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Qətnamə Prezident İlham Əliyevin 1 fevral tarixində Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülüb. BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda Komünike qəbul edilmişdi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi bu dövrdə qurumu COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzinə çevirib. Azərbaycan Prezidentinin pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib.

BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsirinə və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğuna diqqəti çəkir, BMT üzv dövlətləri və digər əlaqədar qurumları COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırır. Eyni zamanda, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən qətnamə, bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır.

Əgər Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüsə əsaslanan qətnamədə qarşıya qoyulan məqsədlərə nail olunarsa, dünyada COVİD-19 pandemiyasına yaxın gələcəkdə son qoya bilinəcək.

- Bu aspektdə COVAX platforması nə dərəcədə özünü doğruldur?

- Təəssüf ki, bu platforma hələ ki, özünü doğrultmayıb. Çünki Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasının təşəbbüskarı kimi çıxış etdiyi COVAX-COVID-19-a qarşı vaksin inkişaf səviyyəsindən, dini mənsubiyyətindən asılı olmayaraq, bütün ölkələrə münasibətdə ədalətli bölüşdürülməsini təmin etməli idi. Təəssüf ki, COVAX-ın bu missiyanın yerinə yetirdiyini deyil, əks prosesləri müşahidə edirik. İnkişaf etmiş bir sıra ölkələr əhalisinin sayı ilə müqayisədə hətta bir neçə dəfə çox vaksin sifariş edir və alır, ancaq bir çox inkişaf etməkdə olan, kasıb ölkələr hələ də vaksin əldə edə bilməyib. Azərbaycan Prezidenti İlham Əliyev də bir neçə dəfə konkret misallarla bu sahədəki problemlərə toxunub. COVAX-ın yaradılmasında da məqsəd vaksinlərin dünya ölkələri arasında bərabər və ədaləti bölgüsü olsa da, bu gün COVAX-ın ikili standartlardan çıxış etdiyi göz önündədir.

- COVAX Azərbaycan qarşısında götürdüyü öhdəliklərə necə yanaşır?

- Bu platforma Azərbaycan qarşısında üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirmir. COVAX çərçivəsində bu ilin birinci rübündə Azərbaycana vaksinlərin ilk partiyası təqdim edilməli idi. Ancaq hələ də COVAX platforması çərçivəsində Azərbaycana vaksin təqdim edilməyib. Üstəlik, son günlər də COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək. Hətta bu vaksinlərin verilmə vaxtı da qeyri-müəyyəndir. Bu, qəbuledilməzdir.

O da diqqət çəkir ki, COVAX tərəfindən dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb. Pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edən, 30 ölkəyə yardım edən, COVID-19-a qarşı mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə hər dəfə 5 milyon dollar olmaqla, 10 milyon ianə edən Azərbaycana münasibətdə ikili standartlara, qeyri-ciddi yanaşmaya yol verən, öhdəliyini yerinə yetirməyən COVAX bu platformaya olan etibarı heçə endirir.

- COVAX-ın ikili standartları Azərbaycanda vaksinasiya prosesinin həyata keçirilməsinə necə təsir edəcək?

- Azərbaycan Prezidenti hər zaman uzaqgörən və müdrik siyasətçi olduğunu təsdiqləyib. Vaksinasiya məsələsinə yanaşma da bunu bir daha ortaya qoydu. COVAX-ın vədlərinə baxmayaraq, Azərbaycan öncədən Çin şirkəti ilə müvafiq müqavilə imzalayıb, bu sahədə riskləri sığortalayıb. Eyni zamanda da Rusiyadan da vaksin alınması üçün müqavilə bağlanıb. Artıq ölkəmizdə yarım milyona yaxın vətəndaşımıza Çindən gətirilmiş vaksin vurulub və proses uğurla davam edir. Regionumuzda ilk vaksinasiya kampaniyasına başlayan ölkə məhz Azərbaycan olub.

Dövlət başçısının müdrik siyasəti və zamanında atılan addımlar Azərbaycanda vaksinasiya prosesinin nəzərdə tutulan müddətdə və uğurla həyata keçiriləcəyinə təminat verir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR