"Test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. Vurğulamaq lazımdır ki, bundan öncə 2001-ci ildə ölkə Prezidentinin müvafiq Fərmanına əsasən qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdü təyin edilib. Bununla da, abituriyentlərdə nəinki bu və ya digər ixtisasa qəbul olunmaq üçün tələb olunan balları toplamaq, eyni zamanda təqaüd almaq üçün öz ixtisas qrupunda birinci olmağa motivasiya yaranıb".
ONA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, məhz bunun nəticəsində 2007-ci ildə ilk “700 ballı”ları müşahidə etmək mümkün olub: "Qeyd etmək lazımdır ki, pedaqoji nöqteyi-nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün deyil. Onların hamısı çox savadlı və məqsədyönlü şəxslərdir. Lakin müsabiqənin xüsusiyyətləri və abituriyentlərin iddia etdikləri müxtəlif ixtisaslarda yerlərin məhdud sayı konkret bir parametrin, yəni bədnam insan amili olmadan (insan amili dedikdə tapşırıq və ya pul ilə nəyisə həll etmək nəzərdə tutulur) abituriyentləri sıralamağa imkan verən balın zəruriliyini diktə edir. Ballar məhz bunun üçün lazımdır. İkincisi, bəzi yazılarda DİM-in əvvəlki fəaliyyətinin İsveçrə saatının işi ilə müqayisəsi, əlbəttə ki, bizə xoş gəlməyə bilməz, lakin əfsuslar olsun ki, bu ifadə elə bir kontekstdə verilib ki, elə bil müəllif bu İsveçrə saatını bizə 27 əvvəl hədiyyə edib, biz müvəffəqiyyətlə ondan istifadə etmişik, indi isə onu sökməyə qərar vermişik.
Nəzərinizə çatdırırıq ki, DİM-in strukturu açıq sosio-texniki sistem kimi son 25 il ərzində formalaşıb. Bu sistem kütləvi prosesləri və 2 milyondan artıq insan haqqında verilənlər bazasını idarə etməyə imkan verən, xüsusi olaraq qurulmuş aparat-texnoloji istehsalatdan ibarətdir. Bu da İT mütəxəssisləri kollektivinin gərgin əməyinin nəticəsidir.
DİM-in strukturuna, həmçinin menecerlərin, imtahana cəlb olunan nəzarətçi və imtahan rəhbərlərinin, markerlərin hazırlanması və təkmilləşdirilməsi, bu mütəxəssislərin sertifikatlaşdırılması sistemi də daxildir və bütün bunlar saat kimi işləyir!".
M. Abbaszadə qeyd edib ki, DİM-in strukturuna keçirilən bütün imtahan növlərinin məzmununun formalaşdırılmasını və təhlilini həyata keçirən elmi-metodiki bölmələr də daxildir: "Bu işdə 5 mindən çox ekspert – alim və pedaqoq iştirak edir. Artıq indidən 2020-25-ci illərdə həyata keçiriləcək imtahanların məzmununu müzakirəyə çıxaran onlarla ekspert şuraları var və onlar da saat kimi işləyir! DİM-in strukturuna imtahanların maddi təchizatı və prosesin logistikası ilə məşğul olan bölmələr də daxildir. DİM-in strukturuna bütün prosesləri müşayiət edən hüquqi və psixoloji xidmətlər də daxildir. DİM-in strukturuna elektron xidmətlərin göstərilməsi və bütün kütləvi proseslərin informasiya təminatı daxildir və bütün bunlar saat kimi işləyir! Nəhayət, DİM-in tərkibinə hər il keçirilən bütün imtahanların nəticələri əsasında statistik araşdırmalar apararaq ictimaiyyətin diqqətinə təqdim edən analitik bölmə daxildir. “Abituriyent” jurnalının 12-ci sayı dərc olunur, regionlar üzrə məlumatlar məcmuə şəklində hər bir rayona göndərilir, məktəblər üzrə məlumatlar “Mənim məktəbim” saytında, bütün statistik məlumatlar DİM saytının “Tədqiqat” bölməsində yerləşdirilir. Yeri gəlmişkən, 2018/2019-cu tədris ili üzrə “Abituriyent” jurnalının 12-ci sayı işıq üzü görüb ki, hər kəs oradakı məlumatlarla tanış ola bilər. Ölkənin təhsil və qiymətləndirmə sistemlərinin yaxşılaşdırılmasına dair məsləhətlər verənlərə sualım var: siz hansı göstəriciləri yaxşılaşdırmağı təklif edirsiniz? 2018/2019-cu tədris ili üzrə “Abituriyent” jurnalının 12-ci sayı 6 paraqrafdan və 517 səhifədən ibarətdir. Jurnalın birinci paraqrafının 1-ci hissəsi “Dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul” başlığı altında, 24 qrafik və 71 cədvəldən ibarət olan statistik təhlilin nəticəsi kimi təqdim olunub. Sizin fikrinizcə, biz nəyin səviyyəsini aşağı salmışıq? Yaxud, əksinə, qaldırmışıq? Təhsil sistemi qarşısında duran məsələlərin hər zaman çoxparametrli olduğunu, yoxsa məktəb təhsilinin əsas məqsədi kimi şagirdlərin şəxsiyyətyönümlü inkişafının qoyulmasını və bu məqsədin başqalarının əməyi hesabına özlərini “piar” edənlərin məqsədlərindən fərqli olduğunu? Aydın məsələdir".