Hepatit bütün dünyada, eləcə də Azərbaycanda ən geniş yayılan problemlərdən biridir. Son məlumatlara görə, dünyada 400 milyon insan hepatit virusuna yoluxub. Hər il yüz minlərlə insanın hepatit virusundan öldüyü bildirilir. Bu isə hepatitin gec aşkarlanması, qaraciyərdə geriyə dönməz proseslərin getdiyi, sirroz yarandığı hallarda baş verir.
Daha çox B və C hepatitlərinə rast gəlinsə də, son illərdə Delta hepatiti də geniş yayılmağa başlayıb və hələlik bütün dünyada D hepatitinin tam müalicəsi mümkün deyil. Hepatit D, başqa sözlə, Delta virusu qaraciyərin iltihabına səbəb olan bir infeksiyadır. Bu virus qaraciyər xəstəliyinin şiddətlənməsinə, sonda isə xərçəng də daxil olmaqla ağır qaraciyər problemlərinə səbəb ola bilir.
Bakıda beynəlxalq konfransa qatılan, dünyanın məşhur hepatit D mütəxəssislərindən biri, Ümumdünya Qastroenterologiya Təşkilatının baş katibi, Ankara Universitetinin Tibb Fakültəsinin müəllimi, professor Cihan Yurdaydın e-tibb.az-a müsahibəsində bu xəstəlik, onun səbəbləri, müalicəsi, görülən tədbirlər, yeniliklər barədə danışlıb.
- Professor, əvvəlcə Delta hepatiti nədir, bu haqda məlumat verməyinizi istərdik.
- Delta hepatit təkbaşına xəstəlik yaradan virus deyil. Hepatit B ilə birlikdə olduğu zaman xəstəlik yaradır. Delta hepatit virusu bədənə təkbaşına daxil olsa və çoxala bilsə də, xəstəlik yaratması üçün orqanizmdə hepatit B də olmalıdır. Bu isə hepatit B və C-yə nisbətən daha şiddətli xəstəlik yaradır.
- Yəni hepatit B olmadığı zaman Delta hepatiti təhlükəli sayılmır?
- Əgər orqanizmdə hepatit B yoxdursa, bir müddət sonra Delta hepatit çoxala bilmir və xəstəlik yaratmır. Deltanın orqanizmə daxil olması, xəstəlik yaratması hepatit B-nin orqanizmə daxil olması ilə birgə ola bilər. Eyni zamanda hepatit B bədəndə uzun müddət qalarsa, Delta hepatiti də orqanizmə daxil olur və xəstəlik daha da şiddətlənir. D hepatitinə daha az rast gəlinsə də, hepatitlərin ən şiddətlisidir. Bu səbəbdən də bu virusun müalicəyə daha çox ehtiyacı olur.
- Bu virusun hepatitin digər növlərindən fərqi nədir?
- 2000-ci illərdə Hepatit B ilə bağlı çox mühüm irəliləyişlər əldə olundu və bu virusun müalicəsi problem kimi qəbul olunmadı. Hepatit C virusunda da son 6-7 ildə çox vacib irəliləyişlər qeydə alınıb. Bu gün artıq Hepatit C virusunun müalicəsi zamanı çox uğurlu nəticələr əldə edirik. Hepatit C ilə bağlı ənənəvi "interferon" müalicəsi aradan qaldırılıb. Bu virus artıq daha qısa müddətə müalicə olunur, kənar təsiri olmayan dərman qəbulu ilə həllini tapır. Hepatit B-də də demək olar artıq "interferon" müalicəsinə ehtiyac olmur. Amma Delta hepatitində hazırda ən effektiv üsul "interferon" müalicəsidir və daha uzun müddətli istifadə edilməlidir.
- Bu virusun müalicəsi üçün yeni metodların tapılması, işlənib hazırlanması gündəmdə deyil?
- Yeni dərman preparatının hazırlanması məsələsi gündəmdədir. Son bir neçə ildə yeni dərman hazırlanması ilə bağlı işlər görülür. Hazırda iki dərman preparatı üzərində işlənilir. Qarşıdakı 2-3 il müddətində Delta hepatitinin müalicəsində yeni dərmanlardan istifadə olunacaq. Bəlkə də 2 il gözləməyə ehtiyac qalmayacaq. Bir il ərzində də bu dərmanlardan birinin Rusiyada lisenziyalaşdırılması məsələsi müzakirə olunur.
- Orqanizmində hepatit D və B virusu olanda xəstənin yaşamaq şansı nə qədər ola bilər?
- Delta hepatitlə bağlı işlər görülsə də, bu, çox deyil. Bu hepatit 1980-ci illərdə daha fərqli idi, indi isə başqa cürdür. O dövrlərdə xəstə 3 il müddətində həyatını itirə bilirdi. Amma bu gün bu cür hallarla daha az rastlaşırıq. Virusun cəmiyyətdə yayılması azaldıqca, bu virusun şiddətli xəstəlik yaratmaq xüsusiyyəti də azalır. Əslində Delta hepatiti virusu rahat şəkildə sürətlə arta bilir. Bu virusu aradan qaldırmaq hepatit C və hepatit B ilə müqayisədə daha çətindir. Hazırda hepatitlərin ən ağırı Delta hepatiti olsa da, 1980-ci illərdəki vəziyyətlə müqayisədə ağırlaşma dərəcəsi nisbətən aaşağıdır.
- Dünyada nə qədər adam bu virusdan əziyyət çəkir?
- Dünyada 250 milyon nəfər hepatit B viruslu xəstənin olduğu təxmin edilir. Yəni dünya əhalisinin təxminən 0,25 faizi hepatit B virusuna yoluxub. Bu 0,25 faizin 0,5 faizində isə Delta hepatitinin olduğu təxmin edilir.
- Delta hepatitin ağırlaşmasının əsas səbəbləri nələrdir?
- Delta hepatiti olan xəstələrdə artıq çəki olduğu zaman xəstəlik şiddətlənir. Qaraciyər xəstəliyi olanlar üçün xüsusi diet proqramı yoxdur. Ancaq diqqət edilməli məsələ budur ki, qaraciyər xəstəliyi olan şəxs kökəlsə, artıq çəki alsa, bu, xəstə üçün daha da zərərli olar. Artıq çəki deyiləndə 1-2 kiloqramı demirəm, 10-15 və daha artıq çəkidən söhbət gedir. Bundan əlavə, Delta hepatitin keçmə yollarını da bilmək lazımdır. Bu cəhətdən risk faktorlarını saymalı olsaq, birinci növbədə dediyim kimi, xəstədə hepatit B virusunun olması gəlir. Delta hepatitinin qarşısını almaq üçün ən effektiv üsul hepatit B virusuna qarşı peyvənd olunmaqdır. Hepatit B-yə qarşı peyvənd olunanda antikor yaranır və həmin adam artıq D hepatitinə yoluxmur. Hepatit B varsa, üstəlik narkotik maddələrdən istifadə edilirsə, Delta hepatitə yoluxmaq riski yüksəkdir. Eyni zamanda bir çox insanla cinsi əlaqədə olmaq da bu riski çoxaldır, homoseksuallar arasında bu virusa yoluxma sayı daha çox olur. Əgər orqanizmdə HİV virusu varsa, Delta hepatitinin inkişafı daha sürətlənir. Əvvəllər bildiyiniz kimi, bir neçə dəfə qaynadılaraq istifadə olunan şprislər, iynələr var idi. Bu iynələrdən istifadə zamanı virusun keçməsi halları çox olurdu. Ancaq indi birdəfəlik şprislərdən istifadə olunur. Bu iynələrin istifadəsindən sonra Delta hepatiti azalıb.
- Bu virusa daha çox hansı yaşlarda yoluxanlar çoxdur?
- Ümumi olaraq uşaqlarda Delta hepatitinə çox rast gəlirik. Amma ötən gün bildim ki, Özbəkistanda uşaqlar arasında da Delta hepatitinə yoluxanlar çoxdur. Məsələn, Türkiyədə bu böyük problem deyil. Yuxarı yaşlarda daha çox Delta hepatitinə yoluxma olur. Delta hepatitinə yoluxmaq üçün sadaladığım risk faktorlarına baxsaq, görürük ki, bu risklər yuxarı yaşlarda daha çox keçərlidir. Ancaq Türkiyədə əvvəllər bir araşdırma aparılmışdı. Məlum olmuşdu ki, Türkiyənin bir bölgəsində hepatit B-nin ən çox yayılma səbəbi oğlan uşaqlarının sünnət olunması zamanı olur. Yəni digər səbəblər də ortaya çıxa bilir...
e-tibb.az