Mətbuat nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
APA məktublardan bir neçəsini təqdim edir:
“Hörmətli cənab Prezident.
Azərbaycan mətbuatının yaranmasının 145 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığınız sərəncamlara, media adamlarına göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm. APA Media Qrupun əməkdaşları olaraq biz həmişə bu diqqəti hiss etmişik. Sizin sərəncamınızla gənc yaşda “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş azsaylı jurnalistlərdən biri olmağım, indi isə “Tərəqqi” medalı ilə təltif edilməyim tərcümeyi-halımın qürur duyduğum səhifələridir. Mən Sizə həm də baxışından, münasibətindən asılı olmayaraq bütün media sektoruna göstərdiyiniz diqqət, tolerantlıq, dostluq üçün təşəkkür edirəm. Bu günlərdə ölkəmiz üçün strateji əhəmiyyətli qərarlarınız, bütün sahələri əhatə edən islahatlarınız davam edir. Özünüzün ifadə etdiyiniz kimi, Sizin ən yaxın köməkçiləriniz olaraq bu islahat prosesinə işimizlə dəstək verə bildiyimizə inanırıq. Əminəm ki, biz Sizin qoruduğunuz və ən yaxşı təbliğatçısı olduğunuz bu dövlətdə hələ uzun illər proqressiv, kommunikasiyanın daha yaxşı qurulduğu mühitdə əməkdaşlıq edəcəyik.
Cənab Prezident, bu günlərdə təkcə Silahlı Qüvvələrimiz deyil, Azərbaycan xalqının hər bir nümayəndəsi Sizə həm də Ali Baş Komandan olaraq müraciət edir. Sizə Ali Baş Komandanımız olaraq davamlı qələbələr, özümə isə Sizdən qələbə xəbərinin açıqlandığı müsahibəni almağı arzu edirəm.
Hörmətlə,
Vüsalə Mahirqızı
APA Media Qrupun baş direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri”.
“Hörmətli cənab Prezident.
Biz çox mürəkkəb bir zəmanədə yaşayırıq. Yaşadığımız hər bir gün daban - dabana zidd hadisələr, uğur və qələbələr, ürəyimizi dağlayan olaylar və onları əvəzləyən nailiyyətlərlə zəngindir. Bununla belə, bizim ən böyük sərvətimiz - müstəqilliyimiz, Azərbaycanımızın hazırkı və gələcək inkişafı, cəmiyyətimizin bu zəmində çiçəklənməsidir. Sizin bu yöndə gördüyünüz işləri dəyərləndirməmək imkansızdır.
Məmur - vətəndaş münasibətlərindəki dəyişikliklər, ölkəmizin özünümüdafiə və ordumuzun qüdrətinin artması, dünya siyasət meydanında uğurlarımız, rəngarəng və müxtəlif zümrələri təmsil edən Azərbaycan cəmiyyətinin birliyi, pandemiyanın ağır şərtləri altında və yağı düşmənin sərhədlərimizin toxunulmazlığına xələl gətirmək istədiyi bir zamanda xalqımızın ruh yüksəkliyi nümayiş etdirməsi onu göstərir ki, Siz ölkə rəhbəri kimi bütün bu proseslərin qaynağı, ilhamvericisi və yönləndiricisisiniz.
Mənim üçün Sizin tərəfinizdən “Vətənə xidmətə görə” kimi ali bir ordenlə mükafatlandırılmaq böyük şərəfdir. Hər birimiz üçün Vətənə xidmət etmək ən ümdə istəkdir.
Hörmətlə,
Elçin Şıxlinski
Azərbaycan Jurnalistlər Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri”.
“Möhtərəm cənab Prezident.
22 iyul 2020-ci ili yəqin ki, heç vaxt unutmayacağam. Bu gün mənim şəxsi taleyimin, jurnalist ömrümün ən təntənəli və qürurlu günüdür. Sizin məni 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni kimi çox yüksək mükafata layiq bilməyinizin, adi bir jurnalistin peşə fəaliyyətinə misilsiz qiymət verməyinizin məndən ötrü mənası bir media mənsubu kimi xüsusidir. Bu qiyməti mən daha əzmli, daha səmərəli fəaliyyətim üçün stimul kimi qəbul edirəm. Bu qiyməti Sizin mənə etimadınızın, inamınızın üzərimə qoyduğu məsuliyyət nişanı kimi anlayıram. İcazə verin, Sizi əmin edim ki, bundan sonrakı fəaliyyətim, "Real" Təhlil və İnformasiya Mərkəzində çalışan silahdaşlarımla birgə görəcəyim hər bir iş dövlətimizin media qüdrətinin artmasına, ideoloji cəbhənin önündə ləyaqətlə duruş gətirməyimizə həsr ediləcək. Məndən ötrü ən ali məqsəd, cənab Ali Baş Komandan, Sizin etimadınıza layiq olmaq, Vətənə, xalqa və dövlətə ləyaqətlə xidmət etməkdir. Azərbaycan Respublikasına xidmət edirəm.
Hörmətlə,
Mir Şahin Ağayev
Azərbaycan Respublikası, Bakı şəhəri”.
“Çox hörmətli cənab Prezident.
Milli Mətbuatımızın 145 illik yubileyi ərəfəsində "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunduğum üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Bu hadisə mənim üçün çox əhəmiyyətlidir. Fəxr və qürur hissi duyuram ki, təltif olunan həmkarlarımın sıralarında yer almışam. Bundan sonra da dövlət maraqlarımızı rəhbər tutub, vəzifəmdən irəli gələn öhdəliklərimi layiqincə yerinə yetirəcəyəm. Əməyimə verdiyiniz qiymət və göstərdiyiniz daimi dəstək üçün Sizə bir daha dərin təşəkkürümü bildirirəm.
Dərin hörmətlə,
Vüqar Həsənov
Azərbaycan Respublikası, Bakı şəhəri”.