“Bakı Metropoliteni” metroda havalandırma sistemi ilə bağlı narazılıqlara münasibət bildirib.
APA-nın məlumatına görə, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş mühəndisi Əlixan Osmanov deyib ki, metroda ventilyasiya sistemi iki rejim üçün (qatarların hərəkəti və dayanan zaman) nəzərdə tutulub: “Qatarlar hərəkət edən zaman tuneldəki hava porşen sistemi ilə qatara daxil olur. Əvvəllər stansiyalarda ventilyatorların havalandırma gücü saniyədə 55-60 kubmetr idisə, indi saniyədə 100 kubmetrə çatıb. Xüsusi rejimlər tətbiq etməklə havanın axınını, kütləni tənzimləmək, virusun yayılmasını zəiflətmək üçün bütün tədbirləri təmin edəcəyik. Metropolitendəki ventilyasiya qurğuları yeniləri ilə əvəz olunub. Bunlar hava mübadiləsini yerinə yetirməyə tam kifayət edir”.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov isə qeyd edib ki, 280 qatardan 55-də kondisionerlər var: “Köhnə qatarlara isə kondisioner quraşdırmaq mümkün deyil, o qatarlar havalandırma ilə təmin olunacaq”.