“Aqrar sığorta haqqında" qanun layihəsində sığorta şirkətləri və sığorta olunanlar arasında bir vasitəçi orqanın yaradılması nəzərdə tutulub. Belə bir orqana ehtiyac yoxdur”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında "Aqrar sığorta haqqında" qanun layihəsinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib.
Millət vəkili deyib ki, aqrar sığorta könüllü olmalı və bu, qanun layihəsində əksini tapmalıdır: “Ancaq qanun layihəsində sığortanın könüllü və icbari olması əksini tapmayıb. Digər tərəfdən, qanun layihəsində daşınar və daşınmaz əmlak nəzərə alınmır, yalnız istehsal edilən məhsul nəzərdə tutulur. Hər bir fermerin binası, texnikası var. Necə ola bilər ki. Fermerin məhsulu sığorta edilir, ancaq məhsulun istehsalı üçün vacib olan əmlakı, texnikası aqrar sığorta ilə əhatə olunmur?”.
V. Əhmədov bildirib ki, qanun layihəsində aqrar sığorta sahəsində qiymətləndirmə ilə əlaqədar xaricdən ekspert cəlb edilməsinə ehtiyac yoxdur: “Azərbaycanda kifayət qədər sığorta şirkətləri, ekspertlər var. Xaricdən ekspertə ehtiyac yoxdur. Mən təklif edirəm ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bir İşçi Qrup yaradılsın və bu qanun layihəsinin üzərində işləyək. Əks halda bu qanun layihəsinin də taleyi 2002-ci ildə qəbul edilən qanun kimi olacaq və işləməyəcək”.
Millət vəkili Əli Məsimov nəzərə çatdırıb ki, qanun layihəsi İspaniya modeli əsasında hazırlanıb, həm də Türkiyə təcrübəsi əsas götürülüb: “Ancaq Azərbaycanda fermeri təsərrüfatların əksəriyyəti xırda təsərrüfatlardır. Ona görə də sığorta mexanizmi elə qurulmalıdır ki, sığortaçı ilə sığorta olunan arasında inamsızlıq aradan qalxsın. Kənd təsərrüfatı riskli sahə olduğu üçün sığorta şirkətləri bunda maraqlı olmayacaq. Buna görə də dövlətin dəstəyinə ehtiyac var. Komitədə müzakirə zamanı məlum oldu ki, 3 il ərzində ümumilikdə 30 milyon manata qədər vəsaitə ehtiyac olacaq. Hər il üçün 10 milyon manat dövlət üçün böyük vəsait deyil. Ona görə də belə dəstək lazımdır. Ancaq qanun layihəsində sığortaçının, sığorta edilənin vəzifəsi aydın göstərilməlidir. Aqrar sığorta ilə əlaqədar iki qurumun – idarəedici qurumun və vasitəçi orqanın yaradılmasına nə ehtiyac var?”.
Ə. Məsimli qeyd edib ki, əgər kəndliyə birinci il dəyən zərər obyektiv qiymətləndirilib ödənilməyəcəksə, ikinci il kəndli o torpağı əkməyəcək.