“Kəndlərə qaz çəkilən zaman fərqli yanaşma müşahidə olunur”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib.
Q.Paşayeva deyib ki, hər hansı kəndə qaz veriləndə sovet dövründə qaz xətləri çəkilmiş insanların evlərinə qaz verilir, qaz sayğacı qoyulur: “Ancaq 10-15 il əvvəl tikilən evlərə qaz verilmir, deyirlər ki, bunun üçün həmin sakinlər özləri evlərinə qaz xətləri çəkməlidir. Belə ayrı-seçkilik etmək olmaz. Tovuz rayonunda kəndlərdə belə problemlər var”.
Millət vəkili nəzərə çatdırıb ki, Tovuzda iki mədəniyyət evinin tikintisi yarımçıq qalıb: “Bu mədəniyyət obyektlərinin tikintisinin başa çatdırılmasına diqqət yetirmək lazımdır. Əks halda, yarımçıq tikililər də dağılacaq”.
Deputat Elmira Axundova isə sənədsiz evlərin sənədləşdirilməsini və beləliklə, müxtəlif vergilər formasında büdcəyə əlavə vəsaitlər cəlb edilməsini təklif edib. O, elektrik enerjisinə limitlərin ləğvi barədə həmkarı Fazil Mustafanın təklifini də dəstəkləyib.
Elmira Axundova Masallı rayonunda 35-ə yaxın təmirsiz, qəzalı məktəb binası olduğunu xatırladıb: “Nədənsə son dövrlər rayonda məktəblər az tikilir. Digər tərəfdən, yeni tikilən məktəblərə texniki şərtlər verilmədiyindən, həmin məktəblər qazla təmin olunmayıb. Belə məktəblər respublikada yüzlərlədir. Müvafiq qurumların bu məsələyə diqqət yetirməsini təklif edirəm”.