Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
  • SOSİAL

  • 17:40 11 Mart 2019

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

ONA-nın məlumatına görə, komitənin sədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirib ki, gündəlikdə Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş altı məsələ var. 

İclasda qanun layihələrini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Teymur Şəkərəliyev təqdim edib. Bildirib ki, birinci oxunuşda müzakirəyə çıxarılmış məsələlərin beşi də “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” ötən il qəbul olunmuş qanunun icrası məqsədilə hazırlanıb, uyğunlaşdırma xarakteri daşıyır. Həmin qanun layihəsində ölkəmizin 1999-cu ildə qoşulduğu Espo Konvensiyasının müddəaları da nəzərə alınıb. 
Layihələrə əsasən, Azərbaycan Respublikasının 4 Məcəlləsində – Su, Meşə, Torpaq, Şəhərsalma və Tikinti məcəllələrində ƏMTQ (ətraf mühitə təsirin qiymətləndirilməsi) ilə bağlı müvafiq dəyişikliklər edilir. ƏMTQ-nin əsas məqsədi qeyd olunan qanunun Əlavəsində göstərilən fəaliyyət həyata keçirilərkən ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkara çıxarılması, onların aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin görülməsidir. Bunun üçün həmin sahələrə dair strateji ekoloji qiymətləndirmə (SEQ) sənədinin hazırlanması və həmin sənədin dövlət ekoloji ekspertizasının keçirilməsi də layihələrdə əksini tapıb. 

Məruzəçi qeyd edib ki, gündəlikdəki növbəti 4 məsələ – “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” və “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” məsələlər də eyni mahiyyəti daşıyır. 

Gündəlikdəki sonuncu məsələni təqdim edən Teymur Şəkərəliyev bildirib ki, ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulduğu hallarda təqsirli olan şəxslərin məsuliyyət məsələsi İnzibati Xətalar Məcəlləsinin 275-ci maddəsinə edilən dəyişikliyə əsasən tənzimlənəcək. Həmçinin ƏMTQ və SEQ sənədlərinə qiymətləndirici tərəfindən bilə-bilə yalan rəy verilməsinə görə də cərimə tətbiq olunacaq. 

Qanun layihələrinin müzakirəsi zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mübariz Əliyev, deputatlar Mirzəcan Xəlilov və Mirkazım Kazımov dəyişikliklərə münasibət bildiriblər, təkliflər irəli sürüblər. 

Fikir mübadiləsinə komitənin sədri, vitse-spiker Valeh Ələsgərov yekun vurub. Baxılan bütün qanun layihələri Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

 

 

 

 

 

 

 

 

 

 

Mirmahmud Kazımoğlu

Teqlər: Məclis komitə iclas